İntellektual proqram sistemlərinin sintezi problemləri ilə bağlı dissertasiya işi üzrə alınmış elmi nəticələr müzakirə olunub

23 Dekabr 2024 - 10:02 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov elmi seminarın baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

Dosent Ş.Mahmudova “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti və predmeti, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat üsulları və s. haqqında ətraflı məlumat verib.

Tədqiqatçı qeyd edib ki, müasir dövrdə intellektual proqram sistemlərinin (İPS) yaradılması və müxtəlif sahələrə geniş tətbiq edilməsi ilə əlaqədar İPS-in çoxsaylı problemləri yaranmış və dissertasiya işinin aktuallığında onlardan bəziləri göstərilmişdir.

Məruzəçinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsindən irəli gələn məsələlər, süni intellektin insanların qarşısında yeni perspektivlər açması və intellektual texnologiyalardan istifadə etməklə keyfiyyətli proqram sistemlərinin hazırlanması, o cümlədən proqram sistemlərinin ənənəvi üsullarla yaradılmasında çətinliklərin olması  və s. dissertasiya işinin aktuallığını şərtləndirir. O, həmçinin proqram sistemlərinin səmərəliliyinin artırılmasında və təhlükəsizliyinin təmin olunmasında problemlərin mövcud olduğunu, intellektual proqram sisteminin yaradılmasında Soft Computing texnologiyaların tətbiqinin və İPS-in sintezi üçün işlənən proqramların az olduğunu, eləcə də səmərəli istifadə edilməsində problemlərin olduğunu diqqətə çatdırıb.

Ş. Mahmudova dissertasiya işinin məqsədinin intellektual proqram sistemlərinin sintezi üçün metod, model və alqoritmlərin işlənməsi olduğunu bildirib.

Tədqiqatçı dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəyyən məsələlərin həll edildiyini qeyd edib: “Dissertasiya işi çərçivəsində intellektual proqram sistemləri araşdırılmış, problemlər müəyyənləşdirilmiş, proqram sisteminin istifadəsinin rahatlığını təmin edən göstəricilərin qiymətləndirilməsi üçün model və alqoritmlər işlənilmiş, proqram sistemlərinin səmərəlilik göstəriciləri qiymətləndirilmiş, bu sistemin təhlükəsizliyinin təmin olunması üçün, eləcə də müxtəlif təyinatlı proqram sistemi texnologiyalarının sintezi üçün model, metod və alqoritm işlənilmişdir”.

Məruzəçi bildirib ki, tədqiqat metodları qeyri-səlis çoxluqlar nəzəriyyəsi, çoxkriteriyalı seçim və ranqlaşdırma metodları, Soft Computing texnologiyaları, alqoritmlər nəzəriyyəsi, iyerarxik analiz metodu, iyerarxik klasterləşdirmə metodu, riyazi statistika, proqram sisteminin təhlükəsizliyi və digər metodlara əsaslanır.

Tədqiqatçı dissertasiya işi çərçivəsində əldə olunmuş elmi nəticələri diqqətə çatdırıb. Ş.Mahmudova tədqiqat işi çərçivəsində proqram sistemlərinin texnoloji əsaslarının araşdırıldığını, intellektual proqram sistemlərinin konseptual əsaslarının işlənildiyini, intellektual proqram sisteminin yaradılmasında Soft Computing texnologiyalarının tətbiqlərinin müxtəlif aspektlərinin araşdırıldığını və müqayisəli təhlilinin aparıldığını, o cümlədən intellektual proqram sistemlərinin tətbiq sahələrinin tədqiq edildiyini qeyd edib. Həmçinin əlavə edib ki, proqramlaşdırma dillərinin xüsusiyyətləri və onların effektivlik göstəricilərinin qiymətləndirilməsi üçün alqoritm işlənmiş, Big Data analitik platformasında proqramlaşdırma dillərindən səmərəli istifadə etmək üçün üsullar tədqiq edilmiş, o cümlədən proqram sisteminin məhsuldarlığının yüksəldilməsi üçün alqoritmin işlənmişdir.

Məruzəçi bildirib ki, tədqiqatın nəticələri 12-si Web of Science, 14-ü Scopus bazasında olmaqla ümumilikdə 53 nəşrdə, 2 kitabda öz əksini tapmışdır.  

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru Rəsmiyə Mahmudova, institutun baş mühəndisi Şakir Mehdiyev, institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva digərləri dissertasiya işinə dair tövsiyə və təkliflərini səsləndiriblər.

Daha sonra dosent Tofiq Kazımov çıxış edərək doktorluq işi çərçivəsində aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən dosent T.Kazımov intellektual proqram sistemlərinin sintezi problemlərinin dərindən tədqiq olunmasının müasir dövrdə böyük əhəmiyyət kəsb edən məsələlərdən olduğuna diqqət çəkib. T.Kazımov dissertasiya işi ilə bağlı tövsiyələrini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.