Rəqəmsal platformada dilin linqvistik suverenlik səviyyəsinin qiymətləndirilməsi məsələləri tədqiq edilir

01 Dekabr 2025 - 16:31 | Konfranslar, İclaslar
Rəqəmsal platformada dilin linqvistik suverenlik səviyyəsinin qiymətləndirilməsi məsələləri tədqiq edilir

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti şöbə seminarında “Rəqəmsal platformada dilin linqvistik suverenlik səviyyəsinin qiymətləndirilməsi” mövzusunda məruzə dinlənilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova XXI əsrdə dil, texnologiya və cəmiyyət arasındakı münasibətlərin qloballaşma və rəqəmsal innovasiyalar nəticəsində köklü şəkildə dəyişdiyi, dilin artıq yalnız coğrafi sərhədlərlə məhdudlaşmadığı və qlobal rəqəmsal şəbəkələrdə formalaşdığı bildirib. Qeyd edib ki, rəqəmsal mühit əsas kommunikasiya platforması kimi yeni imkanlar və çağırışlar yaradır, qloballaşmanın təzyiqləri isə milli dillərin zəifləməsinə və assimilyasiya riskinin artmasına səbəb olur.

Ə.Qurbanova rəqəmsal texnologiyaların və qlobal platformaların sürətlə genişlənməsinin dil siyasəti baxımından dominant dillərin üstünlüyünü artırdığını və mədəni müxtəliflik üçün təhdid yaratdığını vurğulayıb. O, rəqəmsal texnologiyaların milli dillərin rəqəmsal resurslarının yaradılması üçün güclü alət olduğunu qeyd edib. Məruzəçinin sözlərinə görə, linqvistik suverenliyin qorunması yalnız dil siyasəti və qanunvericiliklə deyil, həm də milli dillərin rəqəmsal məkana inteqrasiyası və texnoloji dəstəklə sıx bağlıdır.

Tədqiqatçı işin əsas məqsədinin rəqəmsal platformada milli dillərin qorunması, istifadəsi və inkişafı istiqamətində rəqəmsal transformasiyanın gətirdiyi problemlərin, mövcud yanaşmaların təhlil edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi, o cümlədən rəqəmsal platformada dillərin suverenlik səviyyəsinin qiymətləndirilməsi üçün indeksin təklif edilməsi olduğunu diqqətə çatdırıb.

Məruzəçi linqvistik suverenlik anlayışını izah edərək bildirib ki, bu, dilin müstəqil şəkildə inkişaf etdirilməsi, standartlaşdırılması və ictimai sahələrdə sərbəst istifadəsinin təmin olunması deməkdir. Onun sözlərinə görə, rəqəmsal ekosistemin sürətli inkişafı rəqəmsal linqvistik suverenlik anlayışının önəmini artırır və dilin dayanıqlılığının, inkişafının, cəmiyyətin özünü ifadə etmə imkanlarının qorunmasına xidmət edir.

Ə.Qurbanova rəqəmsal mühitdə linqvistik suverenliyin təmin olunmasının əsas göstəriciləri – dilin internetdə funksional təmsili, ana dilində rəqəmsal savadlılıq, lokal interfeyslərin və süni intellekt əsaslı alətlərin inkişafı, rəqəmsal dövlət xidmətlərində ana dilinin istifadəsi kimi faktorlar haqqında danışıb. Həmçinin rəqəmsal dil siyasətinin milli təhlükəsizlik və identiklik baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

O, linqvistik suverenliyin çoxsəviyyəli modelini təqdim edib, o cümlədən fərdi rəqəmsal suverenlik, texnoloji suverenlik, kontent suverenliyi və siyasi-kiber muxtariyyət kimi elementlərini izah edib. Rəqəmsal mühitdə dillərin suverenlik səviyyəsinin qiymətləndirilməsi üçün tətbiq olunan Linqvistik Suverenlik İndeksindən bəhs edərək bu indeksin texnoloji infrastruktur, rəqəmsal kontent, istifadəçi fəallığı, hüquqi dəstək kimi komponentlərini açıqlayıb.

Ə.Qurbanova Kanada, Avropa Birliyi və UNESCO-nun rəqəmsal dil siyasəti sahəsində qlobal təcrübələrinə də nəzər salıb. O, iş çərçivəsində təklif olunan Milli Linqvistik Suverenlik İndeksi üzrə pilot tədqiqatların aparılması, nəticələrin dövlət siyasətinə inteqrasiya edilməsi və modelin digər dillərə uyğunlaşdırılaraq inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Eyni zamanda dil və texnologiya sahələrinin kəsişməsində çalışan mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi, universitetlərdə və tədqiqat institutlarında bu istiqamətdə multidisiplinar layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.