ETN İnformasiya Texnologiyaları İnstitutunda Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd institutun kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və qabaqcıl təcrübə mübadiləsini təmin etməkdən ibarət idi.
Görüşdə institut tərəfindən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, JPCERT/CC tərəfindən isə Mərkəzin Qlobal Koordinasiya Bölməsinin direktoru, Dr. Koichiro Komiyama və həmin bölmənin kibertəhlükələr üzrə analitiki Shihono Yonezawa iştirak edib.
Əvvəlcə akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə rəqəmsal transformasiyaların sürətləndiyini, bu proseslərin dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirilməsi baxımından kibertəhlükəsizliyin həlledici rol oynadığını qeyd edib. Alim ölkəmizdə bu sahədə ardıcıl və sistemli dövlət siyasətinin aparıldığını, informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın əhəmiyyətinə toxunub.
Kibertəhdidlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdıran institutun baş direktoru bu baxımdan Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin nümayəndələri ilə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən görüşün önəminə diqqət çəkib. Alim bu kimi görüşlərin keçilməsinin beynəlxalq təcrübənin öyrənilməsi və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm rola malik olduğunu qeyd edib.
Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda artıq 30 ildən çox müddətdə kibertəhlükəsizliyin aktual elmi-praktiki problemlərinin araşdırıldığını, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini vurğulayıb. Alim institutda süni intellekt, data science, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, Əşyaların İnterneti, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Həmçinin institutun təşkilatçılığı ilə dövlətin kibersuverenliyinin təmin olunmasına, rəqəmsal kriminalistikanın və proqram mühəndisliyinin aktual elmi-praktiki problemlərinə həsr olunmuş konfransların keçirilməsinin planlaşdırıldığını söyləyib.
AMEA-nın vitse-prezidenti Azərbaycanda ilk Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi –CERT-in (AzScienceCERT) məhz İnformasiya Texnologiyaları İnstitutunda yaradıldığını diqqətə çatdıraraq, ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin formalaşmasında bu Mərkəzin mühüm rol oynadığını bildirib. Alim AzScienceNet şəbəkəsinin 2015-ci ildə GEANT Assosiasiyasında milli elm və təhsil şəbəkələrinin operatoru statusunda üzvlüyə qəbul olunmasını AzScienceCERT-in institusional və texnoloji inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Alim iki qurum arasında əməkdaşlığın milli kibertəhlükəsizlik ekosisteminin möhkəmləndirilməsinə, rəqəmsal infrastrukturun dayanıqlığının təmin olunmasına və ölkədə qabaqcıl kibertəhlükəsizlik təcrübələrinin tətbiqinə əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonra JPCERT/CC-nin Qlobal Koordinasiya Bölməsinin direktoru Koichiro Komiyama Mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib. O, təşkilatın kibertəhlükəsizlik insidentlərinin monitorinqi, intellektual təhlili və koordinasiyası üzrə tətbiq etdiyi yanaşmaları, aşkarlanan insidentlərin statistik göstəricilərini təqdim edib. K. Komiyama bildirib ki, 1996-cı ildə təsis olunan və dövlət büdcəsi ilə maliyyələşən Mərkəz milli İnternet provayderləri ilə sıx əməkdaşlıq edir, kibertəhlükəsizlik insidentlərinə çevik və effektiv reaksiyasını təmin etmək üçün zərərli proqram (malware) hücumlarının aşkarlanması üzrə ixtisaslaşmış xüsusi qruplara malikdir.
Görüş çərçivəsində JPCERT/CC ilə ikitərəfli əlaqələrin qurulması, kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin reallaşdırılması, kadr və təcrübə mübadiləsinin aparılması, eləcə də birgə konfransların keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Qonaqlar həmçinin institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi, Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi və digər struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.