ETN İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə institutun kollektivini təbrik etdi.
Akademik Rasim Əliquliyev çıxışında Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, bu tarixi qələbəni yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi deyil, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və milli gücün formalaşdırılması istiqamətində uzun illər ərzində həyata keçirilmiş ardıcıl siyasətin məntiqi nəticəsi kimi qiymətləndirdi. Bildirdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
İnstitutun baş direktoru Azərbaycanın əldə etdiyi tarixi qələbənin mahiyyətini dərindən anlamaq üçün 44 günlük müharibəni ondan əvvəlki 30 illik dövrün siyasi, iqtisadi və hərbi reallıqları kontekstində nəzərdən keçirməyin zəruriliyinə toxundu. Alimin sözlərinə görə, müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb vəziyyət, iqtisadi çətinliklər və hərbi potensialın zəifliyi Azərbaycanın qarşısında ciddi çağırışlar yaradırdı.
AMEA-nın vitse-prezidenti vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və strateji inkişaf xəttinin müəyyənləşdirilməsi Azərbaycanın gələcək qələbəsi üçün mühüm zəmin yaratdı. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin hərbi qüdrəti gücləndirildi, müasir silah və texnologiyalarla təchiz edilmiş ordu formalaşdırıldı, peşəkar hərbi kadrların yetişdirilməsi və orduda yüksək mənəvi-psixoloji ruhun təmin olunması istiqamətində mühüm işlər görüldü.
“Vətən müharibəsində qazanılan qələbə müasir hərb sənətinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir”, – deyə qeyd edən akademik Rasim Əliquliyev diqqətə çatdırdı ki, müharibənin gedişində pilotsuz uçuş aparatları, süni intellektə əsaslanan texnologiyalar və digər qabaqcıl hərbi vasitələrin tətbiqi döyüş əməliyyatlarının xarakterini əhəmiyyətli dərəcədə dəyişdirdi. Alim əlavə etdi ki, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar elmin, innovasiyaların və müasir texnologiyaların dövlətin müdafiə potensialının gücləndirilməsindəki rolunu bir daha nümayiş etdirir.
Alim həmçinin əldə olunmuş tarixi nailiyyətin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, müstəqilliyin və suverenliyin davamlı təminatının ölkənin hərbi, iqtisadi, elmi və texnoloji potensialının daha da gücləndirilməsindən asılı olduğunu bildirdi. AMEA-nın vitse-prezidentinin sözlərinə görə, müasir dövrdə rəqəmsal, kiberməkan və texnoloji suverenliyin təmin edilməsi milli təhlükəsizliyin mühüm istiqamətlərindəndir. Bu baxımdan alim və tədqiqatçıların üzərinə yalnız elmi araşdırmalar aparmaq deyil, həm də əldə olunan bilik və nəticələri cəmiyyətə çatdırmaq, ölkənin intellektual potensialının inkişafına töhfə vermək kimi mühüm vəzifələr düşür.
Tədbirdə həmçinin institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, institutun Həmkarlar Komitəsinin sədri Anar Səmidov çıxış edərək Zəfər Gününün və Dövlət Bayrağı Gününün milli tariximizdəki xüsusi əhəmiyyətini vurğulayaraq, bu əlamətdar günlərin Azərbaycanın müstəqillik və suverenlik salnaməsində mühüm yer tutduğunu bildirdilər.
Qeyd edək ki, institutun bir qrup əməkdaşı 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.