Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.
AVTOREFERATIN TƏRTİBİ Q A Y D A S I
“Avtoreferatın tərtibi Qaydası” (bundan sonra - Qayda) 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanla təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.22-ci bəndinə uyğun hazırlanmışdır.
- Avtoreferatın mətni A5 formatında, səhifənin kənarlarından 15 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 12 şrifti ilə bir sətirarası intervalla qara rənglə yazılır.
- Avtoreferatın səhifələri nömrələnərkən üz qabığı da nəzərə alınır. Avtoreferatın üz qabığı nömrələnmir. Nömrələmə növbəti səhifədən “3” rəqəmi ilə başlayır, nömrələr səhifənin aşağı orta hissəsində ərəb rəqəmləri ilə ardıcıl yazılır.
- Avtoreferat fəlsəfə doktoru dissertasiyaları üçün A5 formatında, otuz altı – qırx min işarə (əsərlərin siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyaları üçün isə A5 formatında, yetmiş altı – səksən min işarə (əsərlərin siyahısı istisna edilməklə) həcmində çap edilir. Humanitar elmlər üzrə avtoreferatın həcmi bu həcmdən iyirmi faizədək artıq ola bilər.
- Avtoreferatın bir səhifəsində yazılan işarələrin sayını kompüter vasitəsilə dəqiq müəyyən etmək mümkün olmadıqda, bir səhifədə yazılan mətn iki min işarəyə bərabər tutulur.
- Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.
- Avtoreferatda istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilir.
- Avtoreferatda iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. İstinad olunmuş mənbənin sonunda, dırnaq işarəsinin üst hissəsində nömrə qoyulur, səhifənin aşağı hissəsində həmin nömrənin qarşısında mənbənin biblioqrafik göstəricisi verilir. Biblioqrafik göstərici “Times New Roman” 10 şrifti ilə yazılır və ardıcıl nömrələnir.
- Avtoreferatın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə edilir.
- Avtoreferatda iddiaçının dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərinin siyahısı xronoloji ardıcıllıqla verilir.
- Avtoreferatın üz qabığı “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat” ilə nəzərdə tutulan nümunəyə (Əlavə 1.4, Əlavə 1.4.1 və Əlavə 1.4.2) uyğun tərtib edilir.
- Avtoreferatın üz qabığı 120 qr/m2, mətni 80 qr/m2 A5 (210 mm x 148 mm) formatında ağ kağızın hər iki üzündə çap edilir.
- Dissertasiya Azərbaycan dilində yazıldıqda, onun avtoreferatı Azərbaycan dilində 100, ingilis dilində 20 nüsxə çap edilir.
- Dissertasiya rus dilində yazıldıqda, onun avtoreferatı rus dilində 70, Azərbaycan dilində 30 və ingilis dilində 20 nüsxə çap edilir.
- Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.
- Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış Komissiyanın müəyyən etdiyi siyahı üzrə zəruri ünvanlara (“Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”a Əlavə 1.6) göndərilməlidir.