Bulud sistemlərində kiberhücumların aşkarlanması üçün yeni hibrid yanaşma təklif olunub

16 Noyabr 2026 - 14:46 | Yeni nəşrlər
Bulud sistemlərində kiberhücumların aşkarlanması üçün yeni hibrid yanaşma təklif olunub

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın müəllifi olduğu “Vision transformer based cyber attack images classification in cloud systems using GAN and CatBoost algorithms” (GAN və CatBoost alqoritmlərinin tətbiqi ilə bulud sistemlərində kiber hücum təsvirlərinin Vision Transformer əsasında təsnifatı) adlı məqalə “Elsevier” nəşriyyatının “Cyber Security and Applications” jurnalında çap olunub. 

Məqalədə qeyd olunub ki, bulud sistemlərini hədəf alan kiberhücumların sayı və növü sürətlə artmaqdadır. Bu hücumlar əsasən xidmətin əlçatanlığını pozmağa, giriş məlumatlarını ələ keçirməyə və istifadəçilərin autentifikasiya mexanizmlərini hədəfə almaqla bulud hesablarına icazəsiz giriş əldə etməyə yönəlir. Bulud infrastrukturu verilənlərə icazəsiz giriş, həssas məlumatların sızdırılması və məsafədən kod icrası kimi daha mürəkkəb təhdidlərlə də üzləşir. Bu problemlərin aradan qaldırılması üçün məqalədə bulud sistemlərində kiberhücumların strukturlaşmamış təsvirlər əsasında aşkarlanması üçün GAN, ViT, PCA və CatBoost alqoritmlərinin birləşməsindən ibarət hibrid model işlənmişdir.

Eksperimentlər zamanı təklif olunan model mövcud üsullardan daha yüksək nəticələr göstərmişdir. Burada metodun effektivliyi nümunələrin sayını dəyişməklə sınaqdan keçirilir və verilənlər bazasının ölçüsünə uyğun olaraq səmərəli şəkildə miqyaslana bilir.

Məqalə Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant № AEF-MCG-2023-1(43)-13/04/1-M-04) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “Cyber Security and Applications” jurnalı Kompüter şəbəkələri və kommunikasiyaları kateqoriyasında 568 jurnal arasında 13-cü mövqedə, Kompüter elmləri kateqoriyasında isə 179 jurnal arasında 5-ci mövqedə qərarlaşıb. Jurnalın hər iki kateqoriya üzrə reytinqi (percentil) 97% təşkil edir.

Jurnal Scopus bazasında indeksləşir, Q1 kvartilinə daxildir və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

CiteScore = 17.8

SJR = 1.589

SNIP = 3.434.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.