
Fərqanə Cabbar qızı Abdullayeva 1978-ci ildə anadan olmuşdur.
1996-cı ildə Sumqayıt Dövlət Universitetinin “Kompüter texnikası və texnologiyaları” fakültəsinin “Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma” ixtisasına daxil olmuş, 2000-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə həmin ixtisas üzrə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda proqramçı vəzifəsində işə qəbul olunmuşdur və informasiya sitemlərinin kiber təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır.
2010-cu ildə ““Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru adını almışdır.
2014-2018-ci illərdə institutun Tədris İnnovasiya Mərkəzində müəllim vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. Eyni zamanda institutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
İnstitutda bulud texnologiyalarının kiber-təhlükəsizliyinin təmin edilməsi, sosial şəbəkələr, kiber-fiziki sistemlərin təhlükəsizliyi, verilənlərin intellektual analizi, smart şəhərlər üçün təhlükəsizlik mexanizmlərinin işlənməsi, pilotsuz üçüş aparatlarının aşkarlanması və onların kibertəhlükəsizliyi, informasiya axtarışı sistemlərinin effektifliyinin artırılması, sənaye idarəetmə sistemləri sahələrində tədqiqatlar aparır.
Fərqanə Abdullayeva 98 jurnal məqaləsinin və 15 konfrans materialının və 1 kitabın müəllifidir. Elmi əsərlərinin 93-ü ABŞ, Niderland, Çin, Rusiya, Ukrayna, Belarus, Latviya və digər ölkələrdə nəşr olunmuşdur. Onun 23 elmi əsəri Web of Science (Clarivate Analytics), 36 elmi əsəri Scopus (Elsevier) bazalarında indeksləşən nüfuzlu jurnal və konfrans materiallarında çap edilmişdir. “Sosial şəbəkələr” kitabının həmmüəllifidir.
Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur. 2021-ci ildə NATO-nun dəstəyi ilə keçirilən “Sənaye İdarəetmə Sistemlərinin kibertəhlükəsizliyi” beynəlxalq konfransında “Pilotsuz Uçuş Aparatlarının Kiber təhlükəsizliyi” bölməsinin sədri olmuşdur.
Hazırda bir sıra doktorant və dissertantların elmi rəhbəridir.
2013-cü ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi əsas qrant müsabiqəsinin (EİF-2013-9(15)) “Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarə edilməsi metodlarının işlənməsi” adlı layihəsi üzrə qalibi olmuşdur.
2023-cü ildə Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023” (AEF-MCG-2023-1(43)) çərçivəsində “Sosial kiber fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” adlı layihənin qalibi olmuşdur.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.
2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının elmi katibi vəzifəsində çalışmışdır.
2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.35 Dissertasiya Şurasının elmi katibi olmuşdur.
2025-ci ildə ABŞ-ın Stanford Universiteti tərəfindən hazırlanmış “Dünyanın ən yaxşı 2 faiz alimi” beynəlxalq reytinq siyahısına daxil edilmişdir.
Elmi əsərləri haqqında məlumat
Xidməti tel.: (+994 12) 510 42 53
Elektron poçt: afarqana@mail.ru, abdullaevafargana@gmail.com, farqana@iit.science.az, abdullayeva.f.j@gmail.com