Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq olunur

17 İyul 2025 - 17:08 | Konfranslar, İclaslar
Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunda cari ilin birinci yarısında müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb.

Bu barədə institutun Elmi şurasının iclasında icraçı direktor, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib.

O, 2025-ci il üzrə yarımillik dövrdə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində görülən işlərin davam etdirildiyini bildirib. Alim iş çərçivəsində şəbəkə mühitində bulud resurslarının optimal seçilməsi və intellektual idarə edilməsi, rəqəmsal dövlətin kibersuverenliyində infrastruktur və platforma suverenliyinin yaradılması, eyni zamanda bulud əsaslı SCADA sistemlərində şəbəkə resurslarının optimal sintezi üçün metod və modellərin işlənməsi, eləcə də bu sistemdə süni intellekt texnologiyalarının tətbiqi ilə təhlükəsizlik məsələlərinin həlli üçün mexanizmlərin işlənməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.

R.Ələkbərov qeyd olunan elmi problem üzrə “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda aparılan elmi tədqiqatların yekunlaşdığını diqqətə çatdırıb. Alim rəqəmsal dövlət mühitində verilənlərin emalı mərkəzlərinin enerji istehlakının optimal idarə olunması, o cümlədən mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi, eləcə də tibbi sağlamlıq sensorlarının bulud əsaslı platformalara inteqrasiyası və digər məsələlərin araşdırıldığını vurğulayıb.

Şöbə rəhbərinin sözlərinə görə, struktur bölmədə Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” və “IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri üzrə isə “Paylanmış hesablama sistemlərində Grid texnologiyalarının tətbiqi”, “Naqilsiz şəbəkə texnologiyaları: inkişaf mərhələləri, problemləri və təhlükəsizlik məsələləri”, “Proqramla idarə olunan şəbəkə sistemlərinin müasir vəziyyəti və mövcud problemlərinin araşdırılması” və digər mövzular üzrə tədqiqatlar davam etdirilmişdir.

Sonra R.Ələkbərov yarımillik dövr ərzində 9 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 5 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edildiyini söyləyib.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb.

Daha sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.

Şöbənin yarımillik hesabatına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyib. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb, həmçinin bulud suverenliyi problemlərinin tədqiqinin əhəmiyyətinə toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.