Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu gənc istedadların aşkara çıxarılması, elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və süni intellekt bacarıqlarının inkişaf etdirilməsi istiqamətində növbəti şagird layihəsinə elmi hamilik göstərir.
Layihə çərçivəsində Bakının Nizami rayonu 10 nömrəli tam orta məktəbin 11d sinif şagirdi Firuzə Heydərova “IoT texnologiyalarının tətbiqi ilə insanların yıxılma hallarının aşkarlanması üçün süni intellekt metodunun işlənməsi” adlı tədqiqat işi təqdim olunub.
Firuzə Heydərova beynəlxalq riyaziyyat olimpiadalarının ikiqat bürünc medalçısı, riyaziyyat üzrə Respublika Fənn Olimpiadasının yarımfinalçısıdır. O, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirib, 2026-cı ildə isə təhsil aldığı məktəbin fəxri fərmanı ilə təltif olunub.
Layihənin elmi rəhbərləri institutun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və Nizami rayonu 10 nömrəli tam orta məktəbin biologiya müəllimi Diana Şıxəliyevadır.
Tədqiqatın aktuallığını diqqətə çatdıran Firuzə Heydərova bildirib ki, yıxılmalar xəsarətlərin, əlilliyin və ölüm hallarının başlıca səbəblərindən biri olmaqla, qlobal ictimai səhiyyə üçün ciddi çağırışlardan hesab olunur. Onun sözlərinə görə, hər il dünyada 684 mindən çox insan yıxılma nəticəsində həyatını itirir.
Gənc tədqiqatçı diqqətə çatdırıb ki, yıxılma hadisələrinin vaxtında aşkarlanmaması tibbi yardımın gecikməsinə və ağır fəsadların yaranmasına gətirib çıxarır. Vurğulayıb ki, əşyaların interneti (IoT) sensorlarının və süni intellekt metodlarının inteqrasiyası insanın hərəkət və oriyentasiya göstəricilərini təhlil etməklə yıxılma hallarının avtomatik aşkarlanmasına imkan verir.
Şagird tədqiqatın əsas məqsədinin insanın hərəkət dinamikasını və oriyentasiyasını təhlil edərək mümkün yıxılma hallarını müəyyənləşdirən, müvafiq xəbərdarlıq siqnalı generasiya edən süni intellekt əsaslı sistemin yaradılması olduğunu bildirib. O, layihə çərçivəsində yıxılma hallarının aşkarlanması texnologiyalarının tətbiqi perspektivlərinin də nəzərdən keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu texnologiyalar yaşlı və əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, nevroloji xəstəlikləri olan pasiyentlərin monitorinqi, uşaqların mühafizəsi, xəstəxana və reabilitasiya mərkəzlərində, eləcə də yüksək riskli istehsalat sahələrində mühüm praktiki imkanlara malikdir. O, həmçinin bu sahədə beynəlxalq elmi tədqiqatların mövcud vəziyyətini və əldə olunan nəticələri statistik göstəricilər əsasında təqdim edib.
Sonra gənc tədqiqatçı əşyaların interneti texnologiyaları əsasında hazırlanmış qurğunun iş prinsipini əyani şəkildə nümayiş etdirib. Gənc tədqiqatçı gələcəkdə qurğunun funksional imkanlarının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Əlavə edib ki, bu məqsədlə yıxılma hadisəsi zamanı şəxsin yerləşdiyi koordinatları müəyyənləşdirmək üçün GPS modulunun, eləcə də fizioloji vəziyyətini qiymətləndirmək üçün ürək döyüntülərinin monitorinqi funksiyasının sistemə inteqrasiyası planlaşdırılır.
Layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Daha sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi təşəbbüslərinin dəstəklənməsinin, onların müasir texnologiyalara yiyələnməsinin və elmi mühitə inteqrasiyasının institutun prioritetlərindən olduğunu qeyd edib.
İnstitutun baş direktoru layihənin elmi və praktiki əhəmiyyətini yüksək qiymətləndirərək, onun informasiya texnologiyaları ilə tibb elminin kəsişməsində formalaşan aktual tədqiqat istiqamətlərindən birini əhatə etdiyini bildirib. Alim vurğulayıb ki, müasir səhiyyə sistemində həkimlərin peşəkar bilik və təcrübə ilə yanaşı, böyük həcmli məlumatların analizi, süni intellekt və intellektual qərar qəbuletmə sistemlərindən istifadə bacarıqlarına da malik olması getdikcə daha böyük aktuallıq kəsb edir. Bu baxımdan, tibbi problemlərin həllində müasir texnoloji yanaşmaların tətbiqi və onların praktiki səmərəliliyinin əsaslandırılması mühüm elmi vəzifələrdəndir.