Babək Nəbiyev Qazaxıstanda keçirilən MDB ölkələrinin alimlərinin VI Forumunda iştirak edib

05 Noyabr 2026 - 11:41 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 28-30 oktyabr 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən MDB ölkələrinin alimlərinin VI Forumunda iştirak edib.

“Süni intellekt dövründə elm: əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusuna həsr olunan tədbirdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində Babək Nəbiyev “Dayanıqlı inkişaf və kompleks təhlükəsizlik üçün süni intellekt: geoverilənlər, iqlim, yeni materiallar və energetika” mövzusunda keçirilən dəyirmi masada “Dayanıqlı rəqəmsal inkişaf və milli kibertəhlükəsizliyin təmin edilməsində milli elm və təhsil şəbəkələrinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə milli elm və təhsil şəbəkələrinin rəqəmsal ekosistemin inkişafında, elmi infrastrukturun gücləndirilməsində, informasiya resurslarının təhlükəsizliyinin təmin olunmasında və kibertəhdidlərə qarşı dayanıqlığın artırılmasında rolu diqqətə çatdırılıb. Çıxış ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bununla yanaşı, forum çərçivəsində müxtəlif ölkələrin elmi və akademik qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, elmi-texniki əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki gün davam edən forum çərçivəsində süni intellekt texnologiyalarının təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi perspektivlərinə həsr olunmuş tematik dəyirmi masalar təşkil edilib. Həmçinin MDB Ölkələrinin Fundamental Elm üzrə Əməkdaşlıq Şurasının XIV iclası keçirilib.

Forum elmi tədqiqatların inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, eləcə də MDB ölkələrinin elmi müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbirin yekununda birgə elmi tədqiqatların təşviqi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi istiqamətində müvafiq tövsiyələr qəbul edilib.

Tədbirin sonunda Babək Nəbiyevə forumda çıxışına  görə sertifikat təqdim olunub.

Qeyd edək ki, Babək Nəbiyev forum çərçivəsində həmçinin Qazaxıstan Respublikası Prezidenti yanında Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd olunması münasibətilə keçirilən tədbirdə iştirak edib. Tədbir çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib və elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.