Təhsil TV-nin direktoru, Əməkdar jurnalist Bəhruz Nəzərov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktorunun müavini Çingiz Səfərli, redaktoru Oruc Mustafayev və digər nümayəndələr üçün Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutuna mediatur təşkil olunub.
Mediaturun məqsədi institutda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti, qurumun müasir texnoloji infrastrukturu, icra olunan innovativ layihələr və əldə olunan elmi nailiyyətlər barədə media nümayəndələrini məlumatlandırmaq, institutun fəaliyyətinin ictimaiyyətə daha geniş təqdim olunmasına töhfə verməkdən ibarət olub.
Qonaqlar institutda yaradılmış müasir elmi və texnoloji mühitlə yaxından tanış olub, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin, Tədris-İnnovasiya Mərkəzinin, Multimedia Texnologiyaları Mərkəzinin və Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, burada reallaşdırılan layihələr, tətbiq olunan qabaqcıl texnologiyalar barədə məlumat əldə ediblər.
Mediatur çərçivəsində AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev qonaqlara institutun yaranma və inkişaf tarixi, prioritet tədqiqat sahələri və son illərdə əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib. Alim İnformasiya Texnologiyaları İnstitutunda müasir dövrün aktual elmi və texnoloji problemlərinin multidisiplinar yanaşmalar əsasında araşdırıldığını, informasiya cəmiyyətinin və rəqəmsal transformasiya proseslərinin elmi-nəzəri əsaslarının tədqiq olunduğunu diqqətə çatdırıb.
Son illərdə institutda IV Sənaye İnqilabının yaratdığı yeni imkanlar, qlobal texnoloji çağırışlar və dövlətin strateji maraqları nəzərə alınmaqla fundamental və tətbiqi xarakterli elmi tədqiqatların həyata keçirildiyini deyən AMEA-nın vitse-prezidenti qurumun ölkədə aparılan rəqəmsal transformasiya proseslərində fəal iştirak etdiyini, qabaqcıl texnologiyaların inkişafı və tətbiqi istiqamətində dövlət siyasətinin elmi əsaslarla dəstəklənməsinə töhfə verdiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun mühüm elmi göstəricilərindən biri kimi alimlərinin beynəlxalq elmi reytinqlərdə təmsil olunması istiqamətində görülən işləri diqqətə çatdırıb, son altı il ərzində institutun alimlərinin adlarının Stanford Universitetinin nüfuzlu elmi reytinq siyahısına daxil edildiyini qeyd edib.
İnstitutun baş direktoru Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində institutda həyata keçirilən tədbirlərə də toxunub. Bu kontekstdə elmi fəaliyyətin səmərəliliyinin artırılması, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və müvafiq təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Alimin sözlərinə görə, institutun ölkənin müxtəlif ali təhsil müəssisələri ilə elmi əməkdaşlığı çərçivəsində onlara elmi-metodiki dəstək göstərilir, eləcə də elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyası istiqamətində birgə təşəbbüslər həyata keçirilir.
Sonda media nümayəndələri institutda formalaşdırılmış müasir maddi-texniki baza, innovativ infrastruktur və əldə olunan nailiyyətlərlə bağlı təəssüratlarını bölüşərək yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Mediaturun bu elmi müəssisənin potensialının, həyata keçirilən tədqiqatların və innovativ layihələrin ictimaiyyətə daha dolğun çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.