İnstitutda elmi etika məsələlərinə dair müzakirələr aparılıb

06 Avqust 2025 - 15:57 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında elmi etika, onun əhəmiyyəti və prinsiplərinə dair məruzə dinlənilib.  

Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə  çıxış edərək bildirib ki, elmi etika — elmi fəaliyyət zamanı tədqiqatçıların və alimlərin riayət etməli olduğu mənəvi və davranış prinsiplərinin, qaydaların məcmusudur. Bu etika həm elmi araşdırmaların obyektivliyini, şəffaflığını təmin edir, həm də elmi cəmiyyətin etibarlılığını qoruyur.

Elmi etikanın əhəmiyyətindən bəhs edən məruzəçi, bu baxımdan elmin dürüstlüyünün təmin olunması, etibarlı biliklərin yayılması və tədqiqatçıların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Elm ictimaiyyətinin etibarının qorunması, elmin və tədqiqatların inkişafının stimullaşdırılması, eləcə də qlobal elmi əməkdaşlıq üçün ortaq etik standartların hazırlanmasının zəruri olduğunu vurğulayıb.

D.Əlizadə dürüstlük və şəffaflığın, orijinallığın və ədalətli müəllifliyin elmi etikanın prinsiplərinə aid olduğunu söyləyib. Bildirib ki, təkrar nəşr və saxta müəlliflik yolverilməzdir: “Hər bir nəşr yeni və orijinal tədqiqatın məhsulu olmalıdır. Məlumatlar dürüst şəkildə təqdim olunmalı, nəticələr manipulyasiya edilməməlidir”.

Rəy prosesi zamanı obyektivliyin önəmindən danışan tədqiqatçı, elmi məqalələrin dəyərləndirilməsində qərəzsizlik və obyektivliyin əsas şərt olduğunu söyləyib, eyni zamanda başqa tədqiqatların nəticələri və fikirlərindən istifadə edərkən müvafiq istinadın qeyd olunmasının vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi etikanın əhəmiyyətindən bəhs edib. Alim institutda əməkdaşların elmi etika ilə bağlı sistemli şəkildə məlumatlandırılması, elmi etik mədəniyyətin formalaşdırılması və bu istiqamətdə zəruri biliklərin bölüşdürülməsi məqsədilə ardıcıl tədbirlərin həyata keçirildiyini, xüsusi proqramın hazırlandığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.