İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi ilə bağlı müzakirələr aparılıb

01 Avqust 2025 - 11:09 | Konfranslar, İclaslar

AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov və institutun bir qrup əməkdaşının iştirakı ilə təlim seminarı keçirilib. Əsas məqsəd ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi, qarşıda duran vəzifələr və problemlərə dair müzakirələr aparmaq idi.

Seminarda öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı ilə əlaqədar olaraq, müvafiq dövlət qurumları və elmi müəssisələrin qarşısına yeni vəzifələrin qoyulduğunu, elmin inkişafı sahəsində ardıcıl kompleks islahatların aparılması zərurətinin yarandığını qeyd edib.

Akademik Rasim Əliquliyev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən alim və tədqiqatçılar İnternetin imkanlarından daha səmərəli istifadə etməli, dünya miqyasında qabaqcıl biliklərdən bəhrələnməlidir. Bu məqsədlə yüksək keyfiyyətli məqalələrin yer aldığı Web of Science və Scopus kimi nüfuzlu elmi məlumat bazalarına girişin təmin olunması olduqca vacibdir. Bununla yanaşı, alim və mütəxəssislərin elmi əsərləri – monoqrafiyalar, kitablar, jurnallar və digər nəşrlər də qlobal elmi ictimaiyyət üçün açıq və əlçatan olmalıdır.  Alim Elm və Təhsil Nazirliyində bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınaraq müvafiq tədbirlərin görüldüyünü, mütəmadi olaraq təlim seminarlarının təşkil olunduğunu deyib.

Akademik R.Əliquliyev rəqəmsal repozitariyalar layihəsinin müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində mövcud olan elmi biliklərin sistemli şəkildə rəqəmsallaşdırılması, arxivləşdirilməsi, etibarlı qorunması və vahid elmi-intellektual əsərlər ekosisteminin yaradılması baxımından əhəmiyyətini vurğulayıb, İnformasiya Texnologiyaları İnstitutunun da bu istiqamətdə elmi-texnoloji dəstək verməyə hazır olduğunu söyləyib.

Ölkəmizdə rəqəmsal repozitariyaların yaradılması zamanı milli intellektual təhlükəsizliyin təmin olunmasının önəmini vurğulayan AMEA-nın vitse-prezidenti, bu sahədə aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilməsinin, birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən İltifat İbrahimov əvvəlcə elmmetriya sahəsində aparıcı qurumlardan olan  “Clarivate Analytics” şirkəti və Web of Science elmi bazası haqqında məlumat verib. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate Analytics” arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycanda Web of Science Core Collection bazasına 132 qurumun girişinin təmin olunduğunu söyləyib.

İltifat İbrahimov “Clarivate Analytics”in təqdim etdiyi, elmi təşkilatlar və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olan bir sıra innovativ həllər, süni intellekt əsaslı alətlər, platforma və məlumat bazaları haqqında da məlumat verib.

Rəqəmsal repozitariya layihəsindən bəhs edən məruzəçi qeyd edib ki, əsas məqsəd bütün növ elmi əsərlərin, dissertasiyaların vahid rəqəmsal platformaya inteqrasiyası, sistemləşdirilməsi, rəqəmsallaşdırılması və onların qlobal elmi ictimaiyyət üçün əlçatanlığının təmin olunmasıdır: “Bu da milli intellektual irsin qorunması, ölkənin elmi potensialının qiymətləndirilməsi, o cümlədən beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

Sonra institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə çıxış edərək “Rəqəmsal repozitariyaların qurulması və inkişafı” layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihənin əsas üstünlükləri elmi-mədəni irsin vahid bazada toplanması, data-əsaslı qərarvermə prosesinin təşkilinə dəstək, müəlliflərin, nəşrlərin və elmi işlərin beynəlxalq əlçatanlığının artırılmasıdır. Əsas məqsədi isə ölkənin elmi-mədəni irsinin uzunmüddətli saxlanmasını və mühafizəsini təmin etmək, dissertasiyaları açıq və əlçatan etməklə plagiat və təkrarçılıq problemlərinin həllinə, tədqiqatların keyfiyyətinin artırılmasına dəstək olmaqdır.

D.Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun rəqəmsal repozitariyasının qurulmasına dair fəaliyyət planını da təqdim edib, institut əməkdaşlarının qarşısında duran vəzifələri diqqətə çatdırıb.

Tədbirdə vahid rəqəmsal repozitariyaların qurulması zamanı yarana biləcək problemlər, onların həlli yolları, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də müvafiq sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.