Səhiyyə 4.0 platformasında pasiyentmərkəzli rəqəmsal əkizin arxitektur-texnoloji modeli işlənilmişdir

18 İyul 2025 - 09:19 | Konfranslar, İclaslar
Səhiyyə 4.0 platformasında pasiyentmərkəzli rəqəmsal əkizin arxitektur-texnoloji modeli işlənilmişdir

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında səhiyyə 4.0 platformasında Əhali Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə aparılan tədqiqatların cari ildə yarımillik hesabatı müzakirə olunub.

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova hesabatı təqdim edərək cari ilin birinci yarısında şöbədə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. 

Prof. M.Məmmədova “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi və qərarların qəbulu” mövzusu üzrə məkan üzrə əhalinin sağlamlığının Əşyaların İnterneti əsaslı paylanmış intellektual monitorinqi sisteminin konseptual prinsiplərinin işlənildiyini, tibbi-demoqrafik statistik məlumatların süni intellekt metodları əsasında emalı istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb.

M.Məmmədova səhiyyə 4.0 və rəqəmsal dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində görülmüş  işlərdən bəhs edib. Məruzəçi bu istiqamətdə tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi imkanlarının araşdırıldığını, pasiyentmərkəzli tibbi rəqəmsal əkizin arxitektur-texnoloji modelinin və onun kliniki praktikada vizuallaşdırılması alqoritminin işlənildiyini bildirmişdir.

Şöbə müdiri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirilən qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi mövzusunda tədqiqatlardan və alınmış nəticələrdən bəhs edib, çap olunmuş nəşrlər haqqında məlumat verib.

Professor M. Məmmədova tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu və Səhiyyə 4.0 platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi mövzuları üzrə görülmüş işlərlə bağlı əldə olunmuş nəticələri təqdim edib.

Alim cari ilin birinci yarımilliyində şöbədə tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdılması üçün intellektual model və metodların işlənməsi, eləcə də rəqəmsallaşma və yaşıl keçid mühitində kənd təsərrüfatının intellektual idarə olunması üçün model və metodların işlənməsi ilə bağı araşdırmaların aparıldığını da qeyd edib.

Məruzəçi Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda və Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 7 məqalənin, o cümlədən beynəlxalq və respublika səviyyəli konfranslarda 20 tezisin çap olunduğunu diqqətə çatdırıb.

O, rəhbərlik etdiyi şöbənin beynəlxalq əlaqələri, xüsusilə GEANT Assosiasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak edildiyini, Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

Prof. M.Məmmədova şöbədə elmi-praktiki, innovasiya, elmi-ekspertiza və elmi-təşkilati fəaliyyət, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş tədbirləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb. Alim bildirib ki, şöbədə aparılan tədqiqatlar respublikanın elmi-texnoloji inkişafı və elmimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Akademik R.Əliquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunaraq, bu istiqamətdə fəaliyyətin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.