İnstitutun əməkdaşları AZTV-nin “Telesəhər” verilişinə müsahibə veriblər – VİDEO

14 Noyabr 2025 - 11:56 | Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev AZTV-nin “Telesəhər” verilişinə müsahibə veriblər. Alimlər verilişdə süni intellekt, kibertəhlükəsizlik və kibersuverenlik məsələlərindən danışıblar, ölkədə bu istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.

Akademik Rasim Əliquliyev müsahibəsində IV Sənaye İnqilabı dövründə rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyini, informasiya təhlükəsizliyi və süni intellekt texnologiyalarının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Alim xaricdən və daxildən yönələn kibertəhdidlərə qarşı etibarlı və davamlı mexanizmlərin qurulması, rəqəmsal dövlət platformasının kibersuverenliyinin təmin edilməsi məsələrindən danışıb.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev verilişdə kibersuverenliyin təmin olunmasının müxtəlif aspektlərinə toxunub. Alim bildirib ki, rəqəmsal mühitdə suverenliyin qorunması ilk növbədə data suverenliyinin təmin edilməsindən asılıdır. Alim eyni zamanda kibersuverenliyin təmin olunması üçün yüksəkixtisaslı kadrların hazırlanmasının, etibarlı data mərkəzlərin formalaşdırılmasının, superkompüterlərin yaradılmasının son dərəcə vacib olduğunu qeyd edib.

Texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev öz çıxışında dövlət başçısının “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Bu sənədin həmm dövlət qurumları, həm də alim və mütəxəssislərin qarşısına ciddi vəzifələr qoyduğunu qeyd edib. Eyni zamanda yeni çağırışlar fonunda kibertəhlükəsizlik məsələsinə kompleks, vahid yanaşmanın tətbiqinin zəruri olduğunu vurğulayıb.