ETN İnformasiya Texnologiyaları İnstitutunda cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiyaya hazırlıqla bağlı seminar-müşavirə keçirilib.
Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev müasir dövrün çağırışları fonunda kiberməkanda suverenliyin təmin olunmasının hər bir dövlətin təhlükəsizliyinin mühüm komponenti olduğunu bildirib. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik istiqamətlərinə xüsusi diqqət yetirdiyini vurğulayan alim, artıq bu sahələrin Azərbaycanın da elmi və texnoloji inkişaf strategiyasının əsas prioritetlərinə çevrildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti müasir dövrdə rəqəmsal dövlətin kibersuverenliyinə yönələn daxili və xarici təhlükələrin müəyyənləşdirilməsi, onların aşkarlanması və aradan qaldırılması istiqamətində tədqiqatların aparılmasının böyük aktuallıq kəsb etdiyini söyləyib, İnformasiya Texnologiyaları İnstitutunda kibersuverenliyin müxtəlif problemlərinin araşdırılması ilə bağlı məqsədyönlü fəaliyyətə başlanıldığını qeyd edib.
Akademik Rasim Əliquliyev “Konstitusiya və suverenlik ili” və Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunacaq elmi sessiyanın institutda kibersuverenliklə bağlı aparılan elmi tədqiqatların ilkin nəticələrinin və bu sahədə konseptual baxışların müzakirəsi üçün mühüm platforma rolunu oynayacağını bildirib.
Sonra iclasda “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiya üçün tövsiyə olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.