ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti birgə elmi seminarda institutun əməkdaşı Xəyalə Əbdülhüseynovanın “Yaşıl rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı üzrə beynəlxalq təcrübənin müqayisəli analizi” mövzusunda məruzəsi dinlənilib.
Seminarı institutun şöbə müdiri, professor Əlövsət Əliyev açaraq qeyd edib ki, sürətli texnoloji inkişaf və rəqəmsal alətlərin geniş tətbiqi həyatın bütün sahələrini dəyişdirir, eyni zamanda yeni ekoloji çağırışlar yaradır. O vurğulayıb ki, rəqəmsallaşmanın ekoloji aspektdə düzgün idarə olunması dayanıqlı inkişaf strategiyalarının hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır və yaşıl rəqəmsal iqtisadiyyatın formalaşmasına şərait yaradır.
Daha sonra X. Əbdülhüseynova məruzədə rəqəmsal və yaşıl iqtisadiyyatın mahiyyəti, onların qarşılıqlı əlaqəsi və rəqəmsal texnologiyaların ətraf mühitə təsiri barədə məlumat verib. O bildirib ki, rəqəmsallaşma enerji səmərəliliyinin artırılması və resursların optimallaşdırılması üçün imkanlar yaratsa da, elektron tullantıların artması və enerji istehlakının yüksəlməsi kimi riskləri də mövcuddur. Beynəlxalq təcrübə müqayisə edilərək BMT, Dünya Bankı və digər qurumların strateji yanaşmalarının əhəmiyyəti qeyd edilib.
Məruzədə həmçinin rəqəmsal yaşıl iqtisadiyyat modelinin inkişafında mövcud texnoloji, sosial və institusional çağırışlar — infrastrukturun qeyri-bərabərliyi, maliyyə məhdudiyyətləri, kadr çatışmazlığı və normativ çərçivələrin yetərsizliyi vurğulanıb.
X. Əbdülhüseynova Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr, yaşıl enerji zonaları, bərpa olunan enerji təşəbbüsləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə məlumat verib.
Sonra dosent Bikəs Ağayev təbii resurslardan səmərəli istifadə və innovativ texnologiyaların tətbiqinin yaşıl iqtisadiyyat üçün önəmini qeyd edib. O, elektron avadanlıqların artan istifadəsi nəticəsində yaranan e- tullantıların idarə olunmasının vacibliyini vurğulayıb.
Sonda professor Əlövsət Əliyev bildirib ki, rəqəmsal texnologiyaların – süni intellekt, Big Data, IoT və digər innovasiyaların – yaşıl iqtisadiyyata inteqrasiyası ekoloji dayanıqlılığı gücləndirəcək və gələcəyin davamlı iqtisadi modelini formalaşdıracaq.
Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və tədqiqat nəticələri əsasında məqalə hazırlanaraq nüfuzlu elmi jurnala təqdim edilməsi tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.