İnstitutda informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

16 İyul 2025 - 09:36 | Konfranslar, İclaslar
İnstitutda informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin 2025-ci il üzrə yarımillik hesabatlarına həsr olunmuş iclaslara başlanılıb. İclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin yarımillik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi və innovativ işlərin monitorinqinin aparılması, o cümlədən qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsidir.

İnstitutda keçirilən Elmi şuranın iclasında baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi üzrə elmi tədqiqatlar aparan şöbənin cari il üçün yarımillik hesabatını təqdim edib.

Bildirib ki, 2025-cü ilin birinci yarısında struktur bölmədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, NLP və kibertəhlükəsizlik, İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi, kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi, kibertəhdidlərin analizi, proses analitikası problemləri ilə bağlı tədqiqatlar aparılıb.

Məruzəçi əvvəlcə “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün model və metodların işlənilməsi” mövzusu üzrə aparılmış tədqiqalardan bəhs edib. Qeyd edib ki, mövzu üzrə kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi, o cümlədən kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqinin effektivliyinin intellektual qərar qəbuletmə əsasında artırılması istiqamətində araşdırmalar aparılıb.

R.Şıxəliyev “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” və  “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə aparılan tədqiqatları diqqətə çatdırıb, əldə olunan elmi-nəzəri nəticələrdən bəhs edib. Həmçinin qeyd edib ki, yarımillik dövrdə İnternet mühitində kompüter insidentlərinin intellektual analizi, o cümlədən informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənməsi kimi aktual mövzular tədqiq olunub, əldə olunmuş nəticələr nüfuzlu elmi jurnallara təqdim olunub.

R.Şıxəliyev 2025-ci ilin birinci yarısında “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 19 məqalənin təqdim edildiyini söyləyib.

Beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi cari ildə GEANT Assosiasiyası, Avropa Birliyi tərəfindən maliyyələşdirilən EU4Digital Proqramı üzrə EaPConnect layihəsi və Horizon Europe Araşdırma və İnnovasiya Proqramı, o cümlədən Böyük Britaniyanın Brayton şəhərində keçirilən TNC25 konfransı (Terena Şəbəkə Konfransı) çərçivəsində əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Şimali Makedoniyanın “Ss. Cyril and Methodius University” universiteti, Türkiyənin Kadir Has Universiteti, Pakistanın FAST Milli Kompüter və İnkişaf Etməkdə Olan Elmlər Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

O, əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, Azərbaycan Elm Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi qrantlarda iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşüb. Alim qeyd edib ki, şöbədə aparılan tədqiqatlar müasir elmi çağırışlara cavab verir və həm nəzəri, həm də tətbiqi baxımdan böyük aktuallıq kəsb edir. Akademik R.Əliquliyev həmçinin gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılmış araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

Sonda Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.