ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü Ramiz Alıquliyev Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində “Xüsusi süni intellektdən super süni intellektə doğru: təkamül və perspektivlər” mövzusunda ustad dərsi keçib.
Məruzəçi çıxışında süni intellekt texnologiyalarının inkişaf mərhələləri barədə məlumat verərək, ölkəmizdə rəqəmsal inkişaf, kibertəhlükəsizlik və süni intellekt sahələrində həyata keçirilən tədbirlərdən bəhs edib. Alim bildirib ki, hazırda geniş tətbiq olunan sistemlər xüsusi süni intellekt mərhələsinə aiddir və bu texnologiyalar səs tanıma, tibbi diaqnostika, avtonom nəqliyyatın idarə olunması kimi konkret tapşırıqların icrasına yönəlib. Qeyd edib ki, bu sistemlər yüksək effektivliyə malik olsa da, əsasən yalnız bir sahə üzrə fəaliyyət göstərə bilir.
Alimin sözlərinə görə, dünyanın aparıcı texnologiya mərkəzləri, o cümlədən OpenAI və DeepMind artıq növbəti mərhələ – ümumi süni intellekt üzərində tədqiqatlar aparır. Ümumi süni intellekt insan kimi düşünə, öyrənə və müxtəlif sahələr üzrə qərar qəbul edə bilən sistem kimi xarakterizə olunur və bu mərhələnin reallaşması texnologiyanın inkişafında yeni bir dövrün başlanğıcı hesab edilir.
Ramiz Alıquliyev həmçinin qeyd edib ki, süni intellektin daha yüksək mərhələsi hesab olunan super süni intellekt insan zəkasını bir çox sahələrdə üstələyə bilən sistemlərin formalaşmasını nəzərdə tutur. Bu kontekstdə texnologiyanın inkişafı ilə bağlı əsas müzakirə mövzularından birinin insan və texnologiya arasındakı idarəetmə balansı olduğunu diqqətə çatdıran alim vurğulayıb ki, süni intellektin gələcəyi yalnız onun inkişaf sürətindən deyil, eyni zamanda bu texnologiyaların necə tənzimlənməsi və idarə olunmasından asılıdır.
Ustad dərsində süni intellekt texnologiyalarının gələcək perspektivləri ilə yanaşı, bu sahədə yarana biləcək risklər də müzakirə olunub. Tədbirin sonunda alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.