“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı başa çatıb

10 Mart 2026 - 17:00 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” respublika konfransının bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seksiya iclaslarında səsləndirilən məruzələrin qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, eləcə də dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması kimi çoxaspektli problemləri əhatə etdiyini bildirib. Akademik təqdim olunan məruzələri yüksək qiymətləndirərək qeyd edib ki, konfrans bu istiqamətdə mövcud elmi-nəzəri və praktiki problemlərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, müasir dövrdə rəqəmsal platformaların dayanıqlılığının və təhlükəsizliyinin təmin olunmasına elmi dəstəyin gücləndirilməsi, eləcə də rəqəmsal suverenliyin formalaşdırılması prosesində alim və mütəxəssislərin üzərinə mühüm vəzifələr düşür.

“Ölkəmizdə rəqəmsal dövlət ümummilli maraqlar əsasında formalaşdırılmalıdır”, – deyə bildirən AMEA-nın vitse-prezidenti qeyd edib ki, institut bu sahədə dövlət proqramlarının icrasında fəal iştirak edir və rəqəmsal dövlət ideologiyasının elmi təminatının formalaşdırılmasına töhfə verir. Alim əlavə edib ki, institutun prioritet elmi istiqamətləri sırasında yer alan rəqəmsal dövlətin formalaşdırılması, böyük verilənlərin analitikası, kibertəhlükəsizlik, təbii dilin emalı və digər aktual problemlər ölkənin strateji maraqları nəzərə alınmaqla tədqiq olunur.

Akademik Rasim Əliquliyev gələcəkdə kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən dövlət qurumları və elmi təşkilatlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin, yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinin və dövlətin kibertəhlükəsizliyi ilə kibersuverenliyinin möhkəmləndirilməsinə xidmət edən bu kimi tədbirlərin mütəmadi təşkilinin böyük səmərə verəcəyinə əminliyini ifadə edib. Alim konfransın kibersuverenliyin elmi-nəzəri və praktiki problemlərinə həsr olunmuş ilk geniş müzakirə platformalarından biri olduğunu və bu sahədə aparılacaq tədqiqatlar üçün başlanğıc mərhələ kimi mühüm rol oynadığını bildirib.

Tədbirdə “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-texnoloji aspektləri” və “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi, siyasi-hüquqi və təşkilati aspektləri” mövzularında keçirilən seksiya iclaslarının həmsədrləri – texnika elmləri doktoru Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru Ziyafət Əmirov çıxış edərək bildiriblər ki, 60-a yaxın məruzənin təqdim olunduğu konfrans geniş fikir, bilik və təcrübə mübadiləsi aparmaq, dövlətin kibersuverenliyinin təmin olunması ilə bağlı mövcud problemləri müəyyənləşdirmək və onların həlli istiqamətlərini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda Fərhad Yusifov konfransın qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.