Bulud hesablama sistemlərinin təhlükəsizlik problemlərinə həsr olunmuş tədqiqat işi nüfuzlu konfransda müzakirə olunub

13 Mart 2026 - 09:16 | Yeni nəşrlər
Bulud hesablama sistemlərinin təhlükəsizlik problemlərinə həsr olunmuş tədqiqat işi nüfuzlu konfransda müzakirə olunub

Bulud hesablama texnologiyaları müasir rəqəmsal infrastrukturda böyükhəcmli məlumatların saxlanılması, emalı və paylanması üçün çevik və səmərəli həllər təmin edir. Eyni zamanda, açıq və paylanmış strukturu yeni təhlükəsizlik risklərinin ortaya çıxmasına səbəb olur.

ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərovun həmmüəllifi olduqları məruzədə bu barədə məlumat verilib.

Hindistanın Benqaluru şəhərində keçirilən Ekspert Bulud Sistemləri və Tətbiqləri üzrə VI Beynəlxalq Konfransda (6th International Conference on Expert Clouds and Applications – ICOECA 2026) M.Həşimov çıxış edərək məruzəni onlayn formatda təqdim edib. O, “Bulud hesablama sistemlərinin təhlükəsizlik problemlərinin həllində Süni İntellekt Əsaslı Davranış Adaptiv Autentifikasiya  modeli” (Artificial Intelligence Based Behavior Adaptive Authentication Model in Solving Security Problems of Cloud Computing Systems) mövzusunda tədqiqat işinin nəticələri haqqında məlumat verərək bildirib ki, son dövrlərdə süni intellekt texnologiyaları bulud sistemlərinin təhlükəsizliyi ilə bağlı problemlərin aşkarlanması və qarşısının alınması üçün effektiv yanaşmalar təklif edir. Məruzəçi tədqiqat çərçivəsində bulud sistemlərinin təhlükəsizliyində süni intellekt tətbiqlərinin təhlil edildiyini və istifadəçi davranışlarını real vaxtda izləyərək anomaliyaları aşkarlayan adaptiv müdafiə metodunun təqdim olunduğunu söyləyib.

Qeyd edək ki, ICOECA 2026-nın əsas istiqamətlərinə bulud hesablamaları və paylanmış sistemlər, süni intellekt və maşın öyrənməsi, böyük verilənlərin analitikası, Əşyaların İnterneti (IoT), kənar hesablamaları, kibertəhlükəsizlik və bulud təhlükəsizliyi, həmçinin ağıllı tətbiqlər və intellektual sistemlər daxildir. Konfransın materialları nüfuzlu Scopus bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.