AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Niderlandın paytaxtı Amsterdamda GEANT Assosiasiyasının Baş Assambleyasının 37-ci iclasında iştirak edib.
Baş Assambleyanın iclasında GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, GN5-2 layihəsinin Avropanın elm və təhsil şəbəkəsinin inkişafında strateji əhəmiyyətinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı GEANT-ın 2026-2030-cu illər üzrə strateji inkişaf istiqamətləri müəyyən edilib, milli elm və təhsil şəbəkələri arasında əməkdaşlıq perspektivlərinə nəzər salınıb.
Tədbir çərçivəsində GEANT-a üzv olan digər ölkələrlə əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Akademik Rasim Əliquliyev həmin ölkələrin müvafiq qurumlarının məsul şəxsləri ilə birgə elmi fəaliyyətin təşkili və əməkdaşlıq perspektivlərinə dair müzakirələrdə iştirak edib. Alim tədbirdə institutun GEANT Assosiasiyasında fəaliyyəti, AzScienceNet şəbəkəsinin regional əməkdaşlığa verdiyi töhfələr, eləcə də Azərbaycanın Avropanın elm və təhsil şəbəkələri ilə inteqrasiyası istiqamətində qarşıda duran vəzifələr və prioritetlərdən danışıb.
AMEA-nın vitse-prezidenti şəbəkə texnologiyaları üzrə seminarda da iştirak edib. Tədbirdə GEANT-ın, o cümlədən milli elm və təhsil şəbəkələrinin nümayəndələri şəbəkə infrastrukturunun gücləndirilməsi, cari layihələr, qarşıda duran vəzifələr, problemlər və yeni perspektivlərə dair fikir mübadiləsi aparıblar.
Seminarda Avropa Komissiyasının regional kibersuverenlik məsələlərinə diqqəti artırması, GEANT-ın Avropa tədqiqat ekosistemində rolunun genişlənməsi, GEANT-ın yol xəritəsi, milli elm və təhsil şəbəkələrinin infrastrukturunun Avropanın rəqəmsal suverenlik konsepsiyasının tələblərinə cavab verməsi, açıq elmin dəstəklənməsi kimi mövzular da müzakirə olunub, təkliflər irəli sürülüb.
Tədbir çərçivəsində, həmçinin bir çox ölkələrin milli elm və tədqiqat şəbəkələri nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. Türkiyənin ULAKBİM və İtaliyanın GARR şəbəkələrinin nümayəndələri ilə şəbəkə infrastrukturunun inkişafı, ölkələrin kibertəhlükəsizliyi, kibersuverenliyi, regional layihələrdə birgə iştirak imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.