Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb.
İnstitutun Elmi şurasının iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində ölkənin elmi ictimaiyyəti üçün yeni strateji vəzifələr müəyyənləşdirdiyini xatırladıb. Alimin sözlərinə görə, bu tapşırıqlar süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrində institutda aparılan tədqiqatların məzmununa və strateji istiqamətlərinə birbaşa təsir göstərir.
AMEA-nın vitse-prezidenti bildirib ki, AMEA-nın bir sıra institut və təşkilatlarının ETN-in tabeliyinə verilməsindən sonra həmin qurumların fəaliyyəti yeni prinsiplər əsasında qiymətləndirilir, onların qarşısında müasir çağırışlara uyğun vəzifələr qoyulur. Bu baxımdan İnformasiya Texnologiyaları İnstitutunun cari il üzrə hesabatının da yeni tələblərə uyğun şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Alim vurğulayıb ki, qurumun 2025-ci il üzrə hesabatı yeni fəaliyyət planına keçidin əsas mərhələsidir: “Elm və təhsil sahəsində aparılan dövlət siyasətinin həyata keçirilməsinə dəstək məqsədilə institutun tədqiqat istiqamətlərinin yenilənməsi, aktual elmi problemlərin müəyyənləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.
Akademik Rasim Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutu son illər həm ölkənin ali məktəbləri, həm də nüfuzlu beynəlxalq elm və təhsil mərkəzləri ilə əməkdaşlıq münasibətləri yaratmış və bir sıra memorandumlar imzalanmışdır. Baş direktor bu əməkdaşlıq əlaqələrinin birgə elmi tədqiqatlar, mübadilə proqramları və qabaqcıl təcrübələrin tətbiqi baxımından geniş perspektivlər açdığını söyləyib.
“Ölkə rəhbərliyinin müəyyən etdiyi dövlət strategiya, konsepsiya və proqramlarında öz əksini tapmış çağırışlar fonunda institut öz resurslarını yenidən nəzərdən keçirməli, elmin idarə olunması prosesində şəffaflığı əsas prinsip kimi qorumalıdır”, – deyə akademik Rasim Əliquliyev vurğulayıb. Əlavə edib ki, institutun müasir tələblərə cavab verən, yeni biliklər yaradan elmi mərkəz kimi inkişafında əməkdaşların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi əsas müxanizmlərdən biridir.
AMEA-nın vitse-prezidenti hazırda ETN tərəfindən məhsuldar elmi fəaliyyətlə məşğul olan əməkdaşların intellektual əməyinin stimullaşdırılması və sosial rifahının yaxşılaşdırılması məqsədilə mütərəqqi maliyyələşmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm addımların atıldığını və bu çərçivədə qrant layihələrində iştirakın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Alimin sözlərinə görə, həyata keçirilən bütün tədbirlər institutun yeni şəraitdə daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan verən islahatların vacib komponentidir.
Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun yeni mərhələyə qədəm qoyduğunu bildirib: “Yeni şəraitdə yüksək elmi nəticələrin əldə edilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması, eləcə də institutun əsas vəzifələrindən olan yeni bilik yaratmaq, dövlət tapşırıqlarının icrasında yaxından iştirak etmək və elmi-texnoloji yenilikləri cəmiyyətə ötürmək istiqamətində fəaliyyətin daha səmərəli həyata keçirilməsi məqsədilə hər bir əməkdaş səfərbər olmalı, bu prosesdə fəal iştirak etməlidir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.