ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu qeyd edib.
Sonra L.Suxostat “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin kiberhücumların və sistem nasazlıqlarının aşkarlanması ilə böyük verilənlərin intellektual təhlili əsasında kiberfiziki sistemlərin kiberdayanıqlığın və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.
Məruzəçi dissertasiya işinin aktuallığı barədə məlumat verərək bildirib ki, AR Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”da və digər rəsmi sənədlərdə müxtəlif sahələrin kritik infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məsələsinin öz əksini tapması, o cümlədən kiberfiziki sistemlərin insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunması, bu sistemlərin informasiya və əməliyyat texnologiyalarına inteqrasiyası, kiberfiziki sistemlərin strukturunun mürəkkəbliyi və s. tədqiqat işinin aktuallığını şərtləndirən əsas amillərdəndir. O, müasir dövrdə kiberhücumların aşkarlanmasının kiberfiziki sistemlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi baxımından vacib olduğunu qeyd edib. Eyni zamanda IT (information technology) komponentlərinin kibertəhlükəsizliyini və OT (operational technology) komponentlərinin mühafizəsini təmin etmək üçün metod və alqoritmlərin işlənilməsinin zəruriliyini diqqətə çatrdırıb.
L.Suxostat dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını bildirib. Məruzəçinin sözlərinə görə, dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığın müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiberdayanıqlığını təmin etmək üçün konseptual model təklif edilmişdir.
O, həmçinin kiberfiziki sistemlərdə böyük verilənlərin intellektual analizi üçün işlənilmiş metod və alqoritmləri diqqətə çatdırıb, əldə olunmuş nəticələri eksperimentlər əsasında təqdim edib. Məruzəçi qeyd edib ki, ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu, kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir, iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqlarının təsnifat metodu işlənilmişdir. Kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodlar təklif olunmuşdur.
İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, professor Ramin Rzayev, texnika elmləri doktoru, dosent Şəhla Hüseynzadə və texnika üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildiriblər, tədqiqatın elmi yeniliyini və praktiki əhəmiyyətini qeyd ediblər. Rəyçilər tədqiqat işini AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları)” ixtisasına qoyduğu tələblərə tam cavab verdiyini bildiriblər və texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşdırılmış Disertasiya Şurasında müdafiəyə tövsiyə ediblər.
Daha sonra dissertasiya işi üzrə elmi məşləhətçi – AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim kiberfiziki sistemlərin təhlükəsizliyinin təmin edilməsi, kiberfiziki infrastrukturun kiberdayanıqlığın qiymətləndirilməsi məsələlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib, dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirib. Akademik R. Əliquliyev kiberfiziki sistemlərin kritikliyini nəzərə alaraq, bu sistemlərin təhlükəsizliyi və kiberdayanıqlığı problemlərinin həlli baxımından tədqiqat işinin əhəmiyyətini vurğulayıb, dissertasiya işinin müdafiəyə təqdim olunmasını tövsiyə edib.
Daha sonra dissertasiya işi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İddiaçı AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutunun baş mütəxəssis Oqtay Ələkbərov və digərlərinin ona ünvanladığı sualları cavablandırıb.
Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.