İnstitutun elmi seminarında iki dissertasiya işi müzakirə olundu

03 Oktyabr 2014 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda iki dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, seminar institutun sektor müdiri Rəna Qasımovanın “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” və Aytən Hüseynovanın “Korporativ istifadəçilər qrupuna göstərilən İnternet xidmətlərinin səmərəliyinin artırılması üçün model və alqoritmlərin işlənməsi” adlı dissertasiya işlərinin müzakirəsinə həsr olunub.

Öncə R.Qasımova dissertasiya işinin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. 

Son illər İnternetdə domen adlarının böyük sürətlə artdığının müşahidə olunduğunu söyləyən R.Qasımova İnternet şəbəkələrində domen adları sisteminin müasir vəziyyətini analiz edərkən DNS təhlükəsizliyi, DNS-in texnoloji problemləri, domen adlarının elmi-nəzəri problemləri, domen adları ilə bağlı hüquqi problemlərin aşkarlandığını bildirdi. Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi, virtual məkanda Azərbaycanın milli dəyərlərinin (tarixi, ərazisi, mədəniyyəti və s.) mühafizəsi, milli domen adlarının artırılması, milli kontentin formalaşdırılması və s. haqqında qəbul olunmuş normativ-hüquqi aktların tədqiqat işinin aktuallığını səciyyələndirən amillərdən olduğunu diqqətə çatdırdı.

Bildirdi ki, işin məqsədi virtual məkanda Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunması, real vəziyyətinin qiymətləndirilməsi, domen bazarının tənzimlənməsi, domen adlarının kiberskvotterlərdən qorunması üçün domen sahiblərinin məqsədlərinin avtomatik aşkarlanması məqsədilə qərarların qəbul edilməsini dəstəkləyən intellektual monitorinq sisteminin sintezi metodlarının və alqoritmlərinin işlənməsidir.

Sonra A.Hüseynova təqdim etdiyi dissertasiya işinə dair məruzə ilə çıxış edərək işin xarakteristikası, strukturu, qoyulmuş məqsədə çatmaq üçün müəyyən olunmuş məsələlər və s. haqqında ətraflı məlumat verdi. 

O, Korporativ Kompüter Şəbəkələrində (KKŞ) internet xidmətlərinin səmərəliyinin artırılması problemlərinin analizi, KKŞ-nin müasir vəziyyəti, səmərəlik və keyfiyyət göstəriciləri, Korporativ  Şəbəkələrdə  internet resurslarının optimal paylanması üçün model və alqoritmlərin işlənilməsi və s. problemlərin həlli istiqamətində görülmüş işlərdən danışdı.

Qeyd etdi ki, KKŞ-in müasir vəziyyəti və internet xidmətlərinin səmərəliyinin artırılması, KKŞ-də poçt serverin yaddaş həcminin istifadəçilər arasında dinamik bölünməsi modeli işlənmişdir.

Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Ramiz AlıquliyevMəsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovVüqar MusayevZərifə CəbrayılovaŞəfəqət MahmudovaBikəs Ağayev, Fərhad Yusifov, Ramiz Şıxəliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri mövzu ətrafında müzakirələr apardılar, iddiaçıya təklif və iradlarını bildirdilər.

Sonda göstərilən iradları nəzərə almaqla dissertasiya işlərinin növbəti mərhələdə müzakirəyə təqdim olunması qərara alındı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.