AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq iclasın institutun direktoru vəzifəsinə namizədliyin irəli sürülməsi məsələsinə həsr olunduğunu bildirdi. R.Ələkbərov AMEA Rəyasət Heyətinin elmi bölmələrinin bürolarının qərarı ilə elmi tədqiqat müəssisələrində direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsinin elan edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu məqsədlə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin nəzdində bir neçə institutda, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda direktor vəzifəsinə namizədlərin irəli sürülməsinə başlanılıb. İclasda institutun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin namizədliyinin irəli sürülməsinə dair vəsatət qaldırıldığını söyləyən R.Ələkbərov akademik R.Əliquliyevin tərcümeyi-halı haqqında məlumat verdi.
Bildirdi ki, akademik R.Əliquliyev 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirdikdən sonra təyinatla AEA Kibernetika İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1986-cı ildən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində böyük mühəndis-elektronçu vəzifəsində işləmiş, daha sonra aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi-direktorun I müavini olmuşdur. 2002-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru seçilmişdir.
Qeyd etdi ki, akademik R.Əliquliyev 26 aprel 2007-ci il tarixində AMEA-nın müxbir üzvü, 30 iyun 2014-cü il tarixində AMEA-nın həqiqi üzvü seçilmiş, 2013-cü ildən 2019-cu ilə kimi AMEA-nın akademik-katibi vəzifəsində çalışmış, 2019-cu ildə akademiyanın vitse-prezidenti seçilmişdir.
Akademik R.Əliquliyev 586 elmi əsərin, o cümlədən 45 kitab və monoqrafiyanın, 4 ixtira və patentin, bir neçə dərs vəsaitinin və elmi-populyar kitabların müəllifidir.
Tədbirdə şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, Gülnarə Nəbibəyova, Səyyar Abdullayev, eləcə də institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, 1 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, 9 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova, 16 saylı şöbənin baş mütəxəssisi Əfruz Qurbanova çıxış edərək akademik R.Əliquliyevin institutun yaradılmasında müstəsna xidmətlərə malik olduğunu, uğurlu kadr hazırlığı siyasəti həyata keçirdiyini, geniş intellektual potensiala və kreativ təfəkkürə malik olduğunu, yüksək təşkilatçılıq qabiliyyəti, yaradıcılıq, aparıcılıq kimi keyfiyyətləri ilə seçildiyini bildirdilər. Qeyd olundu ki, İnformasiya Texnologiyaları İnstitutu akademik R.Əliquliyevin rəhbərliyi altında AMEA-da aparıcı institutlardan birinə çevrilmişdir.
Akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdiyi dövr ərzində institutun fəaliyyət istiqamətlərindən bəhs etdi, qurumun dövlət siyasətinə daim dəstək verdiyini, aparılan elmi tədqiqatların sosial-sifariş və milli maraqlar üzərində qurulduğunu dedi.
“Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə institutun qarşısına qoyulan vəzifələrin sayı sürətlə artır”, – deyən akademik qurumda informasiya texnologiyaları və informasiya cəmiyyətinin ən aktual elmi-nəzəri problemlərinin tədqiqinə yer ayrıldığını diqqətə çatdırdı.
R.Əliquliyev institutda yaradılmış ideoloji və innovativ mühitdən söz açdı, gənc kadrların yetişdirilməsinə xüsusi önəm verildiyini vurğuladı.
Daha sonra seçkilərin birinci mərhələsinin keçirilməsi məqsədilə M.Məmmədova, Y.İmamverdiyev, B.Ağayev, Ə.Əliyev və Ş.Mahmudovanın üzvü olduğu hesablayıcı komissiya təşkil olundu, gizli səsvermə keçirildi. Səsvermənin nəticələrinə əsasən, akademik Rasim Əliquliyevin İnformasiya Texnologiyaları İnstitutunun direktoru seçilməsi üçün institutun Elmi şurasının üzvləri tərəfindən yekdilliklə səs verildiyi açıqlandı.
Sonda bir sıra kadr məsələlərinə baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.