“Fərdlərin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olundu

01 Noyabr 2017 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında “Fərdlərin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metodların işlənməsi” adlı dissertasiya işi müzakirə edildi.

İnstitutun dissertantı, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova dissertasiya işini təqdim edərək onun giriş, 4 fəsil, nəticə, 207 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 19 elmi iş çap olunmuş, onlardan 10 məqalə resenziya olunan elmi jurnallarda, 9 məruzə isə beynəlxalq və respublika səviyyəli konfransların materiallarında nəşr olunmuşdur.

Məruzəçi dissertasiya işinin aktuallığı, elmi yeniliyi, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələlər haqqında məlumat verdi.

R.Mahmudova müasir dövrdə informasiyadan istifadənin səviyyəsinin insanların həyat şəraitinə, eləcə də, iqtisadi, siyasi, mədəni, elmi inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir göstərməsi, informasiya və biliklərin sürətli artım tempinə uyğun olaraq insan resurslarına tələblərin dəyişməsi, hazırda mütəxəssislərin peşəkarlıq qabiliyyəti ilə yanaşı, müstəqil şəkildə ixtisasını təkmilləşdirmək, yeni biliklərə yiyələnmək və onları öz fəaliyyətində tətbiq etmək bacarıqlarının önəm kəsb etməsi, informasiyanın həcmi və məzmununun insanların davranışına, sağlamlığına və psixologiyasına mənfi təsiri və s. problemlərin, həmçinin insanların informasiya cəmiyyətindəki həyat şəraitinə xüsusi olaraq hazırlanması barədə YUNESKO və digər beynəlxalq təşkilatların çağırışlarının dissertasiya işinin aktuallığını şərtləndirən amillərdən olduğunu söylədi.

Bildirdi ki, dissertasiya işinin məqsədi informasiya mədəniyyətinə dair müxtəlif baxış və yanaşmaları təhlil etmək, onun strukturunu müəyyən etməklə bu struktura uyğun kriteriyaların formalaşdırılması və onların əsasında fərdlərin qiymətləndirilməsi üçün metodların işlənilməsidir.

R.Mahmudova dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün görülmüş işləri təqdim etdi. Tədqiqat zamanı informasiya mədəniyyətinin qiymətləndirilməsi problemlərinin araşdırıldığını, fərdin informasiya mədəniyyətinin struktur modelinin işlənildiyini, çoxkriteriyalı qeyri-səlis qərar qəbuletmə metodlarından istifadə etməklə informasiya mədəniyyəti kriteriyalarına əsasən fərdlərin qiymətləndirilməsi metodlarının işlənildiyini, eləcə də təklif olunmuş metodların eksperimental yoxlanıldığını və digər işlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Dissertasiya işi seminar iştirakçıları tətəfindən geniş müzakirə edildi. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəy və təkliflərini səsləndirdilər. İddiaçı rəy və təkliflərə öz münasibətini bildirdi.

Sonra elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Alim tədqiqatın əhəmiyyətini qeyd edərək, dissertasiya işində əldə olunan nəticələrin insanların informasiya mədəniyyətinin qiymətləndirilməsi baxımından elmi yenilik olduğunu vurğuladı. Müasir dövrdə informasiya mədəniyyətinə dair müxtəlif baxışların mövcud olduğunu qeyd edən alim dissertasiya işində təqdim olunan yanaşmanın texnoloji xarakterli olduğunu diqqətə çatdırdı.

Dissertasiyanın müvafiq tələblərə cavab verdiyini söyləyən alim qeyd olunan irad və təkliflər nəzərə alınmaqla işin növbəti mərhələyə buraxılmasını təklif etdi.  

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Daha sonra səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.