Terminoloji informatika sahəsində araşdırmaçı Əfruz Qurbanovaya texnika üzrə fəlsəfə doktoru diplomu təqdim olunub

14 Oktyabr 2025 - 16:04 | Mühüm hadisələr
Terminoloji informatika sahəsində araşdırmaçı Əfruz Qurbanovaya texnika üzrə fəlsəfə doktoru diplomu təqdim olunub

Müasir dövrdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu istiqamətdə qəbul olunan fərman və sərəncamların,  dövlət proqramlarının icrası məqsədilə AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ardıcıl tədbirlər həyata keçirilir, müvafiq elmi qurumlarla birgə tədqiqatlar aparılır. İnstitutda son 10 ildən artıq müddətdə “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlar bu istiqamətdə həyata keçirilən əhəmiyyətli işlərdəndir.  

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Əfruz Qurbanova 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları) ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ə.Qurbanovaya fəlsəfə doktoru diplomu AAK-ın sədri, professor Famil Mustafayev tərəfindən 10 oktyabr 2025-ci il tarixində Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.

“Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində rəqəmsal mühitdə Azərbaycan dilinin təsbit olunması, terminoloji informatika, milli terminoloji informasiya sisteminin formalaşması, termin yaradıcılığı proseslərinin avtomatlaşdırılması istiqamətində sistemli və ardıcıl elmi-tədqiqat işləri aparılmışdır.

Dissertasiya işi uzun illər ərzində aparılan tədqiqatların nəticəsi kimi, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə mühüm töhfə vermiş, vətəndaşlara fasiləsiz elektron terminoloji xidmətlər təklif etməklə Azərbaycan dilinə daxil olan terminləri daha əlçatan etmişdir.

Tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunmuş, əsas inkişaf istiqamətləri müəyyənləşdirilmiş və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılmışdır. Ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modeli işlənilmiş, terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartlar araşdırılmışdır.

Qeyd edək ki, Ə.Qurbanova 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1984-cü ildən 2018-ci ilə qədər proqramçı, elmi işçi, sektor müdiri vəzifələrində çalışmışdır. AMEA-nın www.science.az portalının və institutun www.ict.az saytının yaradılmasında iştirak etmişdir. www.science.az portalının informasiya təminatına rəhbərlik etmişdir. 

O, 40-a yaxın elmi əsərin müəllifidir. Onlardan 5-i Wos, Scopus olmaqla 20-ə yaxını nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur.

Hazırda Ə.Qurbanova virtual məkanda Azərbaycan dilinin ekosisteminin formalaşmasının elmi-nəzəri problemləri üzrə tədqiqatlar aparır.

İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından Ə.Qurbanovanı elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə təbrik edir, ona möhkəm cansağlığı və gələcək elmi axtarışlarında uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.