AR ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınan elmi-nəzəri nəticələr müzakirə olunub.
Məruzəni təqdim edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov əvvəlcə dissertasiya işinin aktuallığını diqqətə çatdırıb. Bildirib ki, elmin müxtəlif sahələrində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi kompüterlərin resurslarının kifayət etməməsi, kiberfiziki sistemlərin idarə olunmasında məlumatların toplanması, ötürülməsi və emalındakı problemlərin həllində bulud texnologiyalarından geniş istifadə, kompüter şəbəkəsində milyonlarla qurğunun hesablama və yaddaş resurslarından eləcə də, verilənlərin emal mərkəzlərinin (VEM) resurslarından səmərəli istifadə edilməməsi, bulud infrastrukturlarının xarici asılılığı milli kibersuverenlik üçün risklər yaradır və yerli məlumat mərkəzlərinin inkişafını tələb edir, məlumatların xarici serverlərdə saxlanılması datasuverenlik üçün risklər yaradır və verilənlərin yerli emal mərkəzlərində saxlanması və emalını zəruri edir.ə s. işin aktuallığını şərtləndirən amillərdir.
Dos. R.Ələkbərov bildirib ki, dissertasiya işinin əsas məqsədi mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin, müxtəlif təyinatlı kiberfiziki sistemlərin bulud mühitinə miqrasiyasının konseptual modelləri və təhlükəsizlik məsələlərinin həlli üçün mexanizmlərin və təkliflərin işlənməsidir.
Dissertasiya işində əldə olunmuş elmi yeniliklərdən bəhs edən məruzəçi bildirib ki, tədqiqat çərçivəsində iyerarxik strukturlu klaudlet əsaslı mobil bulud hesablama sistemlərinin konseptual və arxitektur-texnoloji modelləri, müxtəlif təyinatlı kiberfiziki sistemlərinin bulud hesablama mühitinə miqrasiyası modeli, mobil qurğularda enerjiyə qənaət və şəbəkə gecikmələrinin minimallaşdırılması modeli, klaudlet şəbəkəsində məsələlərin sürətli emalını təmin edən klaudletlərin optimal seçilməsi metodu, istifadəçi aktivliyi və bulud resurslarının istifadə tezliyini nəzərə almaqla onların klaudlet şəbəkəsində optimal yerləşdirilməsi modeli işlənilmişdir.
Sonra dos. R.Ələkbərov dissertasiya işi üzrə əldə edilmiş nəticələr haqqında məlumat verərək qeyd edib ki, paylanmış emal sistemlərinin inkişaf mərhələləri və konseptual modelləri araşdırılmış, bu sistemlər əsasında formalaşan bulud hesablama texnologiyalarının arxitektur-texnoloji prinsipləri, xüsusiyyətləri və elmi-nəzəri problemləri təhlil edilmişdir. Kənar hesablama sistemlərinin konseptual modeli və arxitektur-texnoloji prinsiplərinin işlənməsi məsələləri araşdırılmışdır. Həmçinin bulud hesablama şəbəkələrində mobil qurğularda enerji sərfiyyatını və şəbəkə gecikmələrini azaltmaq məqsədilə iyerarxik strukturlu, klaudlet əsaslı mobil bulud hesablama şəbəkəsinin yaradılması təklif edilmişdir.
Məruzəçinin sözlərinə görə, dissertasiya işi çərçivəsində həm də rəqəmsal dövlət sistemlərinin funksional səmərəliliyinin artırılması məqsədilə bulud əsaslı rəqəmsal dövlət sisteminin yaradılması təklif edilmiş, bu texnologiyanın vətəndaşlar və dövlət qurumları üçün təqdim etdiyi elektron xidmətlərin funksional üstünlükləri araşdırılmış, mövcud vəziyyətin təhlili əsasında bulud əsaslı e-dövlətin konseptual model təklif edilmişdir.
O bildirib ki, dissertasiya işinə dair ümumilikdə 21 məqalə, 9 konfrans materialı çap olunmuş, məqalələrdən 11-i Web of Science və Scopus bazalarına daxil olan jurnallarda öz əksini tapmışdır.
Sonra dissertasiya işinin nəticələrinə dair fikir mübadiləsi aparılıb, dos. R.Ələkbərov sualları cavablandırıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin ümummilli xarakter daşıdığını, aktual problemlərin həllinə həsr olunduğunu deyib, tədqiqat çərçivəsində bulud sistemlərinə yeni yanaşmanın təklif edildiyini söyləyib. Alim yeni reallıqlar və çağırışlar kontekstində dövlətin kibersuverenliyinə olan tələblərin dəyişdiyini qeyd edərək, dissertasiya işində bu məsələyə də diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.