Elm və Təhsil Nazirliyi (ETN) İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.35 Dissertasiya şurasının ilk iclası keçirilib.
İclası giriş nitqi ilə açan Dissertasiya şurasının sədri, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev yeni yaradılmış Dissertasiya Şurasının tərkibi, fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr haqqında məlumat verib. Alim qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 may 2026-cı il tarixli əmri ilə institutun nəzdində 12.03.01 – “Kompüter elmləri”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” və 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə texnika elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili məqsədilə FD 1.35 Dissertasiya şurası yaradılıb.
Dissertasiya şurasının sədri müasir mərhələdə elmi ekspertiza fəaliyyətinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək məsuliyyət tələb etdiyini vurğulayıb. Bildirib ki, tədqiqat işlərində süni intellekt texnologiyalarından sui-istifadə hallarının müəyyən edilməsi, dissertasiyalarda müəllifin real elmi payının üzə çıxarılması, həmçinin təqdim olunan nəticələrin yenilik dərəcəsi və orijinallığının obyektiv şəkildə dəyərləndirilməsi ekspertiza fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Alim ETN İnformasiya Texnologiyaları İnstitutunun ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı rol oynayan elmi müəssisələrdən olduğunu qeyd edərək bu baxımdan institutun və Dissertasiya şurasının qarşısında mühüm vəzifələrin dayandığını bildirib, elmi ekspertiza və elmi rəhbərlik mərhələlərində akademik standartların ardıcıl və ciddi şəkildə tətbiqinin zəruriliyini vurğulayıb.
İclasda Dissertasiya şurasının, eləcə də şuranın nəzdində fəaliyyət göstərəcək elmi seminarların tərkibi barədə məlumat verilib, bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.