ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Tədbirdə institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova “Rəqəmsal savadlılıq: çağırışlar, konseptual baxışlar, imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışına rəqəmsal savadlılığın müasir informasiya cəmiyyətində oynadığı rolu izah etməklə başlayıb. O bildirib ki, rəqəmsal transformasiya şəraitində vətəndaşların rəqəmsal bacarıqlarla təmin olunması təkcə fərdi inkişaf üçün deyil, həm də milli innovasiya ekosisteminin formalaşması, sosial rifahın və iqtisadi dayanıqlığın təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır.
Rəsmiyyə Mahmudova vurğulayıb ki, rəqəmsal savadlılıq anlayışı təkcə texnologiyalardan istifadə bacarıqlarını deyil, həm də rəqəmsal etik davranış, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı dayanıqlıq, süni intellektdən məsuliyyətli istifadə, kibermədəniyyət və media savadlılığı kimi multidissiplinar komponentləri əhatə edir. Bu baxımdan, rəqəmsal savadlılıq bilik, bacarıq və münasibətlərin vəhdətini özündə birləşdirən kompleks sosial-texnoloji fenomen kimi qiymətləndirilməlidir.
Məruzə zamanı rəqəmsal savadlılığın inkişafına təsir göstərən qlobal çağırışlar, o cümlədən rəqəmsal uçurum problemi geniş şəkildə təhlil olunub. R.Mahmudova qeyd edib ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, həmçinin şəhər və kənd əhalisi arasında rəqəmsal resurslara çıxışda böyük fərqlər mövcuddur. Bu bərabərsizlik sosial ədalət, təhsil imkanları və iqtisadi inteqrasiya baxımından ciddi nəticələr doğurur.
Məruzəçi bildirib ki, rəqəmsal savadlılığın artırılması yalnız texnoloji resursların əlçatanlığı ilə deyil, eyni zamanda insan kapitalının inkişafı və təhsil sistemlərinin çevik adaptasiyası ilə mümkündür. O, rəqəmsal bacarıqların tədris proqramlarına inteqrasiyası, müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması və regionlarda rəqəmsal təhsilin inkişafı məsələlərinə xüsusi diqqət çəkib.
Daha sonra R.Mahmudova Avropanın Rəqəmsal Gələcəyinin Formalaşdırılması Strategiyası (Shaping Europe’s Digital Future) haqqında məlumat verib. Qeyd edib ki, Avropa Birliyi tərəfindən 2020-ci ildə qəbul edilən bu sənəd 2030-cu ilə qədər davam edəcək rəqəmsal transformasiya prosesinin əsas istiqamətlərini müəyyənləşdirir. Strategiyanın məqsədi rəqəmsal iqtisadiyyatın insan mərkəzli, davamlı və təhlükəsiz prinsiplər əsasında formalaşdırılmasını təmin etməkdir.
Məruzədə Avropa İttifaqının DigComp (The Digital Competence Framework for Citizens) modelinə xüsusi yer ayrılıb. Bu model vətəndaşların rəqəmsal texnologiyalardan etibarlı, məsuliyyətli və yaradıcı şəkildə istifadə etməsi üçün zəruri olan əsas kompetensiyaları müəyyənləşdirir. Rəsmiyyə Mahmudova bildirib ki, DigComp çərçivəsi Avropa ölkələrində rəqəmsal savadlılığın tədris, qiymətləndirmə və siyasət planlaşdırılması proseslərinə inteqrasiya olunmasına mühüm töhfə verir.
Bununla yanaşı, məruzəçi UNESCO-nun Rəqəmsal Savadlılıq üzrə Qlobal Çərçivəsi (DLGF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IEA) ICILS tədqiqatları əsasında dünyada rəqəmsal bacarıqların qiymətləndirilməsi üzrə metodoloji yanaşmalardan danışıb. O, müxtəlif ölkələrin rəqəmsal bacarıqların inkişafı istiqamətində həyata keçirdiyi siyasətləri müqayisə edərək Finlandiya, Estoniya və Sinqapur kimi qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyini vurğulayıb.
Məruzədə həmçinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda müəyyən edilmiş hədəflərdən bəhs olunub. Bildirilib ki, konsepsiya rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya tətbiqlərinin genişləndirilməsi, rəqəmsallaşdırma proseslərinin optimallaşdırılması, istifadəçiyönümlü xidmətlərin yaradılması və insan resurslarının rəqəmsal bacarıqlarla təmin edilməsini prioritet istiqamət kimi müəyyənləşdirir. Rəqəmsal savadlılıq bu konsepsiyada yalnız məqsəd deyil, həm də rəqəmsal cəmiyyətin dayanıqlığının əsas şərti kimi qəbul edilir.
R.Mahmudova süni intellektin və avtomatlaşdırılmış sistemlərin artan rolu fonunda süni intellekt savadlılığı anlayışına da diqqət çəkib. O qeyd edib ki, gələcək dövrdə rəqəmsal savadlılıq yalnız texnologiyadan istifadə bacarığı deyil, həm də süni intellektlə əməkdaşlıq etmək, onun nəticələrini tənqidi qiymətləndirmək və etik qərarlar qəbul etmək qabiliyyəti ilə ölçüləcək.
Seminar iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar, rəqəmsal savadlılığın milli kontekstdə tədrisi, ölçülməsi və qiymətləndirilməsi istiqamətində təkliflər irəli sürüblər.
Tədbirin sonunda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzənin aktual elmi və praktik əhəmiyyətini qeyd edib. O, rəqəmsal savadlılığın müasir dövrdə qlobal elmi-tədqiqat istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. Akademik qeyd edib ki, rəqəmsal savadlılıq göstəricilərinin ölçülməsi, qiymətləndirilməsi, idarə olunması və analitik modellərinin hazırlanması institutun elmi prioritetləri sırasında yer almalıdır. Rəqəmsal savadlılığın elmi-nəzəri problemlərinin multidissiplinar xarakter daşıdığını bildirən alim, bu istiqamətdə tədqiqatların davam etdirilməsinə dair tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.