AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Səs TV-nin qonağı olub.
“Dünyada süni intellekt yarışı və Azərbaycan” mövzusuna həsr olunmuş verilişdə akademik Rasim Əliquliyev ETN İnformasiya Texnologiyaları İnstitutunun 55 illik fəaliyyəti dövründə keçdiyi inkişaf yoluna nəzər salıb, ölkəmizdə rəqəmsal texnologiyaların formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş strateji tədbirlərin əhəmiyyətini vurğulayıb.
Akademik Rasim Əliquliyev qeyd edib ki, hazırda institutun əsas prioritetlərinə ölkədə aparılan rəqəmsallaşma proseslərinə elmi dəstəyin göstərilməsi, kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi, eləcə də bu istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi daxildir. Alim institutun rəqəmsal inkişafla bağlı dövlət proqramlarının icrasında fəal iştirak etdiyini də diqqətə çatdırıb.
İnstitutun baş direktoru bu gün ölkəmizdə rəqəmsal suverenliyin qorunması, kiberimmunitetin artırılması, süni intellekt texnologiyalarının inkişafı və əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi istiqamətində görülən işlər barədə də fikirlərini bölüşüb.