Zərərli proqram təminatının aşkarlanması istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub

21 Oktyabr 2025 - 14:15 | Konfranslar, İclaslar
Zərərli proqram təminatının aşkarlanması istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov dissertasiya işinin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər və s. haqqında məlumat verib. O, qeyd edib ki, statistik rəqəmlərə əsasən, zərərli proqram nümunələrinin, o cümlədən, yeni növ zərərli proqramların sayında eksponensial artımın müşahidə edilməsi və destruktiv nəticələrinin yüksək olması, rəqəmsal sistemlərin mürəkkəbləşdiyi şəraitdə təhlükəsizliyə inteqrasiya edilmiş proqram mühəndisliyinin zərərli proqramların qarşısının alınması və dayanıqlı arxitekturaların qurulması üçün strateji aktuallıq kəsb etməsi, eləcə də kibercinayətkarların yeni növ zərərli proqramların sayını və müxtəlifliyini artırmaq məqsədilə aşkarlanmaqdan yayınma metodlarını tətbiq etməsi bu istiqamətdə tədqiqatların aparılmasını zəruri edir.

Tədqiqatçı həmçinin vurğulayıb ki, maşın öyrənmə, dərin öyrənmə, Generativ Rəqib Şəbəkələr kimi intellektual analiz metodlarının zərərli proqramların aşkarlanmasına tətbiqi imkanlarının mövcud olması, o cümlədən informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi istiqamətində milli hədəflərin olması dissertasiya işinin aktuallığını şərtləndirir.

E.Bağırov dissertasiya işinin məqsədinin zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması üçün intellektual metod və alqoritmlərin işlənməsi olduğunu bildirib. 

O, dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramların aşkarlanması istiqamətində “Scopus” və “Web of Science” elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilmiş, aparılmış tədqiqatların trendi illər üzrə şərh edilmiş, mühüm çatışmazlıqlar müəyyən edilmişdir. Dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üç mərhələli ümumi konseptual model təklif edilmişdir. Windows və Android əməliyyat sistemi mühitində zərərli proqramların və proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodları işlənmişdir.

Məruzəçinin sözlərinə görə, iş üzrə həmçinin zərərli proqramların təsvirlərə çevrilərək aşkarlanması üçün transfer öyrənmə əsaslı yüksək dəqiqlikli aşkarlama üsulu işlənmişdir: “Eksperiment zamanı təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modeli işlənmiş və artırılmış verilənlər üzərində maşın öyrənmə modelləri yoxlanılmışdır. Zərərli proqramların aşkarlaması üçün təklif edilmiş modellərin izahetmə qabiliyyətinin qiymətləndirilməsi üçün üç fərqli verilənlər toplusundan istifadə etməklə eksperimentlər aparılmış və SHAP, LIME, əlamətlərin əhəmiyyətliliyi kimi nəticələri əldə edilmişdir. Verilənlərin real mühitdə istifadə edilməsi zamanı əlamətlərin yayınmasını yoxlamaq məqsədilə PSI metodu eksperimental olaraq qiymətləndirilmişdir”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra çıxş edən akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev tədqiqat işinin aktual elmi problemlərə həsr olunduğunu bildirib, əldə olunan nəticələrin elmi və praktiki baxımdan əhəmiyyətini vurğulayıb. Alim iş çərçivəsində proqram mühəndisliyinin keyfiyyətinin və dayanıqlılığının artırılması, o cümlədən süni intellekt texnologiyaları vasitəsilə kibertəhlükələrin aşkarlanması ilə bağlı tədqiqatlara daha geniş yer ayrılmasının vacibliyini qeyd edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.