Daha 4 magistrant dissertasiya işini uğurla müdafiə etdi

14 İyun 2021 - 15:34 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının növbəti onlayn iclası keçirildi.

Öncə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək, gündəlikdə duran məsələləri diqqətə çatdırdı, iclasın 060509 – “Kompüter elmləri” və 060632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə 2020-2021-ci tədris ilində elmi tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunduğunu qeyd etdi.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov magistrantlar tərəfindən şuraya təqdim olunmuş sənədlər haqqında məlumat verdi.

Sonra institutun magistrantı Nərminə Axundova 249331 – “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə “Elektron demoqrafiyanın formalaşdırılması mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. İşin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, tədqiqat işinin əsas məqsədi e-demoqrafiya sisteminin yaradılması üçün mexanizmlərin işlənməsidir.

Dissertasiya işində əldə olunmuş əsas nəticələri təqdim edən N.Axundova demoqrafik tədqiqatların aparılması sahəsində beynəlxalq təcrübənin araşdırıldığını, demoqrafik tədqiqatların aparılması üçün yeni verilən mənbələrinin analiz edildiyini, elektron demoqrafiyanın formalaşmasında dövlət reyestrlərinin rolunun müəyyənləşdirildiyini bildirdi. Qeyd etdi ki, dissertasiyada elektron demoqrafiya sisteminin konseptual modeli təklif olunmuş, eksperimental olaraq datasetdən götürülmüş verilənlər əsasında demoqrafik xarakteristikaların analizi aparılmışdır.

249315 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodları” mövzusunda dissertasiya işini institutun magistrantı Ayşən Rzayeva təqdim etdi. İşin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 2 konfrans materialının çap edildiyini bildirdi.

Dissertasiya işinin əsas nəticələrindən söz açan A.Rzayeva elmi tədqiqatda qeyd edilən məsələlərin həllinə nail olmaq üçün şəbəkə təhlükəsizliyinin qiymətləndirilməsi üzrə mövcud tədqiqatların, şəbəkə təhlükəsizliyində qarşılaşılan boşluq və hücumların, şəbəkə təhlükəsizliyinin qiymətləndirilməsinin hücum qrafı, nüfuzetmə testi və maşın təliminə əsaslanan metodlarının analiz edildiyini söylədi.

Digər magistrant Nərmin Əhmədova 249315 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “Veb-saytların informasiya təhlükəsizliyinin test edilməsi metodlarının tədqiqi” mövzusunda dissertasiya işi barədə məlumat verdi. İşin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 2 konfrans materialının çap edildiyini bildirdi.

O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı veb-texnologiyaların müasir vəziyyətinin, veb-saytların informasiya təhlükəsizliyi risklərinin, veb-tətbiqlərə hücumların aşkarlanması metodlarının, SQL inyeksiya hücumlarının test edilməsi üçün maşın təlimi metodlarının analiz edildiyini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, SQL inyeksiya hücumlarının test edilməsi üçün maşın təlimi alqoritmləri tətbiq edilmiş və yeni maşın təlimi metodlarının nəticələri vizuallaşdırılaraq müqayisə edilmişdir.

249315 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “Zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi” mövzusunda dissertasiya işi haqqında məlumatı magistrant Gülnar Dadaşova təqdim etdi. Dissertasiya işinin giriş, 3 fəsil, 71 ədəbiyyat, 4 cədvəl və 7 şəkil daxil olmaqla 70 səhifədən ibarət olduğunu bildirdi.

O, qeyd etdi ki, işin əsas məqsədi proqram təminatının statik və dinamik analizi metodları və vasitələrinin analizi və tədqiqi, eləcə də zərərli proqramların aşkarlanması üçün statik və dinamik əlamətlərin çıxarılması metodlarının analizidir.

Tədqiqatın nəticələrindən bəhs edən iddiaçı statik və dinamik analizdən yayınma metodlarının aşkarlanması üzrə mövcud tədqiqatların analiz edildiyini, zərərli proqramların aşkarlanması üçün maşın təlimi alqoritmlərinin tətbiq olunduğunu diqqətə çatdırdı.

İddiaçılar dissertasiya işlərini təqdim etdikdən sonra şura üzvlərinin çoxsaylı suallarını cavablandırdılar.

Hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, baş mütəxəssis, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva çıxış edərək rəy və təkliflərini səsləndirdilər.

Dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər çıxış edərək hər bir mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyini, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu söylədilər.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirildi, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirildi. Magistrlik dissertasiyalarının Müdafiəsi Şurası qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.