ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti şöbə seminarı keçirilib. Tədbirdə institutun doktorantı Sənan Vəlizadə “Rəqəmsal kriminalistika sahəsində mövcud olan problemlərin araşdırılması zərurəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal mühitdə baş verən hüquqpozma hallarının artmasına səbəb olur və bu, rəqəmsal sübutların toplanması, qorunması və analizi üçün yeni yanaşmaların işlənməsini tələb edir. O, rəqəmsal kriminalistikanın həm ənənəvi kriminalistikanın prinsiplərini qoruduğunu, həm də rəqəmsal mühitə uyğun tamamilə yeni metod və alətlərə əsaslandığını vurğulayıb.
Tədqiqatçı rəqəmsal kriminalistikanın qlobal miqyasda aparıcı dövlətlərin milli təhlükəsizlik strategiyalarında mühüm yer tutduğunu bildirib. O, rəqəmsal kriminalistikanın ABŞ, Avropa İttifaqı, eləcə də Yaponiya, Cənubi Koreya və İsrail kimi ölkələrdə geniş inkişaf etdiyini və innovativ yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb, bu ölkələrin təcrübəsi haqqında geniş məlumat verib.
S.Vəlizadə rəqəmsal kriminalistikanın texnoloji, hüquqi, etik, təşkilati və institusional, təlim-tədris, elmi metodoloji aspektlərini diqqətə çatdırıb, hər bir aspekt üzrə rast gəlinən problemlərdən danışıb. Qeyd edib ki, rəqəmsal kriminalistika sahəsində elmi-nəzəri tədqiqatlar son 25 il ərzində texnoloji inkişafla bərabər dinamik dəyişikliklərə uğramışdır.
Məruzəçi Azərbaycanın kibertəhlükəsizlik üzrə milli prioritetlərindən də bəhs edərək, bildirib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” rəqəmsal sübutların toplanması və intellektual analiz metodlarının tətbiqi ilə bağlı konkret istiqamətləri müəyyən edir. Əlavə edib ki, ölkədə ixtisaslı kadr çatışmazlığı, metodoloji yanaşmaların məhdudluğu və elmi-nəzəri boşluqlar bu sahənin daha da inkişaf etdirilməsini zəruri edir.
Mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzunun aktuallığını qeyd edib və rəqəmsal kriminalistika istiqamətində aparılan tədqiqatları institutun fəaliyyət prioritetlərinə uyğun mühüm istiqamət kimi dəyərləndirib. O, ölkəmizdə rəqəmsal inkişafın təmin olunması, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Baş direktor kibercinayətkarlıqda obyekt və subyekt anlayışlarının, onların funksional xüsusiyyətlərinin və qarşılıqlı əlaqələrinin elmi müstəvidə geniş şəkildə təhlil edilməsinin vacibliyini bildirib, bu istiqamətdə elmi məqalənin hazırlanmasını tövsiyə edib.
Alim əlavə edib ki, ölkədə rəqəmsal kriminalistika sahəsində elmi-nəzəri tədqiqatların gücləndirilməsi həm kibertəhlükəsizlik üzrə müasir çağırışların effektiv həllinə, həm də yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.