AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub. Alim çıxışında süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına əhəmiyyətli təsir göstərdiyini, yeni reallıqlar formalaşdırdığını və müasir dövrün ideologiyasına çevrildiyini bildirib. Son illər ölkəmizdə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda ardıcıl addımların atıldığını qeyd edib.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, Prezident İlham Əliyevin qəbul etdiyi strateji sənədlərdə süni intellektin, rəqəmsal texnologiyaların inkişafı, dövlətin kibertəhlükəsizliyi və kibersuverenliyinin təmin olunması ilə bağlı müvafiq qurumlar və elmi-tədqiqat müəssisələri qarşısında yeni vəzifə və prioritetlər müəyyənləşdirilmişdir.