İnstitutda Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) nümayəndə heyəti ilə görüş keçirildi

14 Oktyabr 2019 - 16:26 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) nümayəndə heyəti ilə görüş keçirildi.

Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent  Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov, AMEA Beynəlxalq əlaqələr idarəsi Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov, AMEA Yüksək Texnologiyalar Parkının şöbə müdiri Zaur Əhmədzadə, STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yoo Kim, layihənin koordinatoru So Hyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi iştirak edirdilər.

Öncə R.Ələkbərov çıxış edərək AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin adından tədbir iştirakçılarını salamladı. O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini bildirdi. 

Direktor müavini qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin  Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı.

Direktor müavini bildirdi ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. R.Ələkbərov qeyd etdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

Direktor müavini EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilmişdir. Cari ilin sonunda isə İnternet trafikin 3 Gbit/san-ə çatdırılması nəzərdə tutulur.

R.Ələkbərov, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verdi, AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkilinin həyata keçirildiyini diqqətə çatdırdı.  

Daha sonra təlimlər qrupunun rəhbəri Eunjoo Kim çıxış edərək STEPI-nin elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini bildirdi. O, “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin məqsədindən danışdı, Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsi və layihənin mümkün perspektivləri haqqında məlumat verdi.

Görüşdə, həmçinin Azərbaycanla Cənubi Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olundu. Bu istiqamətdə Koreya təcrübəsinin öyrənilməsi, tətbiqi, kadr və təcrübə mübadiləsi aparılmasının vacibliyi vurğulandı. 

Sonra müzakirələr aparıldı, qonaqları maraqlandıran suallar cavablandırıldı.

Sonda qonaqlar institutun AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzində yaradılmış şəraitlə yaxından tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.