ETN İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova Baku TV-nin “Aktual gündəm” verilişində videobağlantı vasitəsilə çıxş edib.
“Qloballaşma dövründə milli dili necə qorumalıyıq” mövzusuna həsr olunmuş verilişdə Ə.Qurbanova İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli dilin inkişafı və qorunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. O bildirib ki, institutun mütəxəssisləri tərəfindən Milli Terminoloji İnformasiya Sisteminin formalaşdırılması konsepsiyası çərçivəsində xüsusi veb-portal hazırlanmış, elm və texnika sahəsinə dair mövcud terminlərin vahid bazası yaradılmış və ictimaiyyət üçün istifadəyə verilmişdir.
Ə.Qurbanova institutda transliterasiya sisteminin işlənilməsi istiqamətində də mühüm işlər görüldüyünü qeyd edərək bildirib ki, bu sistem Azərbaycan dilinin qlobal informasiya mühitində daha düzgün və standartlaşdırılmış şəkildə təqdim olunmasına xidmət edir.