Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış tədqiqatların nəticələri müzakirə olunub

25 Noyabr 2025 - 15:14 | Konfranslar, İclaslar
Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış tədqiqatların nəticələri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə olunub.

İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək iş çərçivəsində aparılmış elmi-praktiki tədqiqatlar haqqında məlumat verib.

Tədqiqatçı dissertasiya işi üzrə pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə sistemi (YİS) və şəbəkə sistemlərinə kiberhücumların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. O, PUA-ların YİS-ində təsvirlərin analizi əsasında zərərli proqramların aşkarlanması istiqamətində tədqiqatların aparıldığını, o cümlədən PUA-ların şəbəkə sisteminə xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün metodun işlənildiyini bildirib, əldə olunan nəticələri təqdim edib.

O.Vəlixanlı həmçinin PUA-ların kiberdayanıqlığının təmin olunması istiqamətində onların uçuş məlumatlarının kriptodayanıqlığının və steqodayanıqlığının təmin olunması üçün alqoritmlərin işlənildiyini diqqətə çatdırıb.

O, dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələrinin 3-ü Web of Science, 2-si Scopus-da olmaqla, ümumilikdə 7 məqalədə öz əksini tapdığını, 7 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini söyləyib.

Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək milli maraqlara xidmət edən prioritet məsələlərdən biri kimi PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətində əldə edilən nəticələri yüksək qiymətləndirib. Alim aparılan tədqiqatların böyük aktuallığa malik olduğunu vurğulayaraq bildirib ki, PUA-ların təhlükəsizliyinin təmin edilməsi milli informasiya təhlükəsizliyi sisteminin əsas komponentlərindən biridir.

Akademik R.Əliquliyev dissertasiya işində eksperimental platformanın elmi cəhətdən əsaslandırılmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, seminarda səsləndirilən tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.