Təbii fəlakətlər, müharibələr, iqlim dəyişiklikləri, baxımsızlıq, vandalizm və torpaq mülkiyyəti problemləri nəticəsində məzarlıqların məhv olması son illər daha qabarıq şəkildə özünü göstərir. Bu proseslər milli-mədəni irsin, tarixi yaddaşın itirilməsi təhlükəsini artırır və məzarlıqların rəqəmsal mühitdə sənədləşdirilməsi və qorunması üçün yeni yanaşmaları zəruri edir.
ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Rəqəmsal Məzarlıq: problemlər və perspektivlər” mövzusunda çıxışı zamanı bu barədə danışıb. Məruzəçi bildirib ki, vəfat etmiş şəxslər haqqında məlumatların sistemli şəkildə toplanması və uzunmüddətli qorunması rəqəmsal məzarlıq (Digital Cemetery) modelinin əsas məqsədlərindəndir. Rəqəmsal məzarlıq konsepsiyası mərhumlar haqqında məlumatların arxivləşdirilməsi, vizuallaşdırılması, onların rəqəmsal əkizlərinin yaradılması və gələcək nəsillər üçün əlçatan saxlanılması baxımından əhəmiyyətlidir: “Bu sistem real məzar daşlarının aşınması, məzarlıqların məhv edilməsi və məlumatların itməsi kimi problemlərin qarşısını almağa xidmət edir”.
İradə Ələkbərova qeyd edib ki, GPS, GIS texnologiyaları, QR-kodlar, mobil naviqasiya, verilənlər bazası sistemləri və süni intellekt imkanlarının tətbiqi məzarlıqların rəqəmsal idarəetməsini daha funksional edir. Ağıllı Məzarlıq Sistemi (Smart Cemetery) rəqəmsal məzarlığın inkişaf etdirilmiş forması kimi məzar yerlərinin dəqiq xəritələşdirilməsini, məlumatların mərkəzləşdirilmiş platformada saxlanmasını, ziyarətçilər üçün interaktiv naviqasiyanın təmin olunmasını və mərhumun rəqəmsal əkizinin yaradılmasını mümkün edir.
O, həmçinin dünyanın bir sıra ölkələrində tətbiq edilən rəqəmsal məzarlıq platformaları – BillionGraves, Find a Grave, FamilySearch və digər qlobal layihələrlə bağlı məlumat verib. Bildirib ki, bu platformalar məzarlıqların GPS-əsaslı xəritələşdirilməsini, məzar məlumatlarının uzunmüddətli saxlanmasını və beynəlxalq elmi tədqiqatlar üçün vacib demoqrafik, tarixi və mədəni göstəricilərin qorunmasını təmin edir.
İradə Ələkbərova məruzəsində Azərbaycanın tarixi-mədəni irsinə qarşı baş vermiş vandalizm faktlarına da toxunub. Bildirib ki, Qərbi Azərbaycanda və Qarabağ bölgəsində yüzlərlə tarixi məzarlığın dağıdılması, məzar daşlarının məhv edilməsi və saxtalaşdırılması bu sahədə rəqəmsal həllərin tətbiqini daha da aktuallaşdırır.
Məruzəçi rəqəmsal məzarlığı milli irsin virtual şəkildə bərpası, tarixilik prinsiplərinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm vasitə kimi qiymətləndirib. Həmçinin rəqəmsal məzarlıq və ağıllı məzarlıq sistemlərinin tətbiqi üçün hüquqi, texnoloji və idarəetmə məsələləri, dron və peyk təsvirləri əsasında xəritələşdirmə, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiya, CIMS tipli idarəetmə platformalarının tətbiqi, kadr hazırlığı, məlumat təhlükəsizliyi və texnoloji modernizasiya çağırışları barədə məlumat verib.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsal məzarlıq konsepsiyasının milli-mədəni irsin qorunması və ölkənin rəqəmsal dövlət infrastrukturunun inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Alim bu istiqamətdə aparılan tədqiqatların davam etdirilməsinin, ağıllı məzarlıq konsepsiyasının elmi əsaslarla işlənib hazırlanmasının, tarixi irsin rəqəmsal formatda qorunması üçün yeni yanaşmaların formalaşdırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.