Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində bu təhsil ocağının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilib. Tədbirdə ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak edib. O, çıxışı zamanı DSX Akademiyasının professor-müəllim heyətini və digər konfrans iştirakçılarını İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və kollektivi adından salamlayıb, Xüsusi Məktəbin yaradılmasının 15 illiyi münasibətilə müəllim və kursantları təbrik edib.
B.Nəbiyev çıxışında İnformasiya Texnologiyaları İnstitutu ilə Xüsusi Məktəb arasında formalaşmış əməkdaşlıq əlaqələrindən bəhs edib, tərəflər arasında birgə seminarın təşkil olunduğunu və təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.
O, müasir dövrdə sərhəd təhlükəsizliyinin təmin olunmasında rəqəmsal texnologiyaların rolunun getdikcə artdığını vurğulayaraq bildirib ki, pilotsuz uçuş aparatları, peyk monitorinqi, “ağıllı müşahidə sistemləri” və süni intellekt həlləri sərhədlərin daha effektiv mühafizəsinə, məlumatların operativ təhlilinə və potensial təhdidlərin vaxtında müəyyənləşdirilməsinə imkan yaradır.
Məruzəçi qeyd edib ki, texnoloji inkişaf dövlətin suverenliyinin və təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrilib. Bu baxımdan ölkədə süni intellekt, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal inkişaf sahələrində qəbul olunmuş strateji sənədlər müasir çağırışlara uyğun fəaliyyət istiqamətlərini müəyyən edir.
Süni intellekt texnologiyalarının yaratdığı imkanlarla yanaşı, saxta məlumatların yayılması, kiberhücumlar və digər rəqəmsal risklərin də mövcud olduğu diqqətə çatdıran B.Nəbiyev bildirib ki, bu səbəbdən yeni texnologiyaların tətbiqi ilə yanaşı, onlardan təhlükəsiz və məsuliyyətli istifadə son dərəcə vacibdir.
B.Nəbiyev çıxışının sonunda gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasının, müasir texnologiyalara yiyələnməsinin və kibertəhlükəsizlik sahəsində hazırlığının gələcəkdə yüksəkixtisaslı kadrların, rəqəmsal vətəndaşların formalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.