Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib

08 İyun 2026 - 17:19 | Konfranslar, İclaslar
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı öz işini seksiya iclasları ilə davam etdirib.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin sədrliyi və texnika üzrə fəlsəfə doktoru, dosent  Fərqanə Abdullayevanın elmi katibliyi ilə keçirilən “Kibertəhlükəsizliyin elmi-texnoloji problemləri” adlı seksiya iclasında “ETN İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik sahəsində aparılan araşdırmalar və nəticələri  (1995-2026-cı illər)”, “Təbii dilin emalı və təkmilləşdirilmiş XLNet modelinin tətbiqilə kibertəhdidlərin aşkarlanması metodunun işlənməsi”, “Vikipediya mühitində informasiya müharibəsi təzahürlərinin aşkarlanması və rəqəmsal ekspertizası”, “Deepfake əsaslı interaktiv avatarların təhlükəsizlik təhlili və biometrik autentifikasiya sistemləri üçün riskləri” mövzular üzrə məruzələr təqdim olunub, suallar cavablandırılıb.

AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Əmirovun elmi katibliyi ilə keçirilən “Rəqəmsal kriminalistikanın elmi-texnoloji problemləri”  adlı seksiya iclasında isə “ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində həyata keçirilən elmi-texnoloji layihələr”, “Məhkəmə-tibbi ekspertizası prosesində qərar qəbuletmə metodlarının tətbiqi”, “Rəqəmsal mühitdə kibercinayətkarlığın həyata keçirilməsi mexanizmləri və texnologiyalarının təhlili”, “Proqram sistemlərində kriminalistikası və ekspertizası”, “Akustik kriminalistikanın hüquq pozuntularında sübutların əldə edilməsində rolu”, “Süni intellekt əsaslı sistemlərin və texnologiyaların rəqəmsal ekspertizası problemləri”  və digər mövzular üzrə məruzələr təqdim olunub.

“Kritik informasiya infrastrukturu, kiberfiziki və idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” adlı sekisya iclası texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyevin sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov elmi katibliyi ilə keçirilib. İclasda “Əşyaların interneti mühitində kiber-fiziki sistemlərin rəqəmsal kriminalistikası problemləri və həlli yolları”, “Mobil cihaz kriminalistikasında yaddaş seqmentlərinin süni intellekt əsasında təsnifatı”, “Sosial kiberfiziki sistemlərdə toplanmış mətnlərdə kiberkriminal izlərin aşkarlanması üsulları”, “Süni intellekt əsaslı adversial hücumlar və onlara qarşı kibertəhlükəsizlik mexanizmləri”, “Bulud hesablama mühitində ağıllı nəqliyyat sistemlərinin kibertəhlükəsizliyi problemləri və həlli yolları” və s. mövzularda məruzələr dinlənilib.

Texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılovanın sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin elmi katibliyi ilə keçirilən “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın sosio-humanitar və hüquqi-etik problemləri” adlı seksiya iclasında “Kibertəhlükəsizliyin təmin olunması məqsədi ilə İnternet mühitində folklor resursları əsasında fərdlərin identifikasiyası imkanlarının araşdırılması”, “Elektron sübutların cinayət prosesində hüquqi statusu və kiberhücumların istintaqında tətbiqi”, “Rəqəmsal kriminalistika üzrə kadr hazırlığı və təhsil problemləri”, “Kiberkriminalistika: əsas terminlər və anlayışların Azərbaycan dilində istifadəsi məsələləri”, “Rəqəmsal kriminalistikanın hüquqi və institusional problemləri: inteqrasiya olunmuş tənzimləmə modeli” və digər mövzularda fikri mübadiləsi aparılıb.

Həmçinin iclaslarda “Kiberinsidentlərin analizi, təsnifatı və rəqəmsal ekspertizası”, “Süni intellekt əsaslı kiberhücumların aşkarlanması və rəqəmsal kriminalistika problemləri”, “Kriptoqrafik sistemlərə müdaxilələr və onların rəqəmsal ekspertizası”, “İnsan yerişinin biometrikası və rəqəmsal kriminalistika”, “Rəqəmsal kriminalistika sahəsində elmi-texnoloji problemlərin cari vəziyyətinin tədqiqi və müqayisəli analizi”, “Fərdlərin nitqlərinin terminoloji analizi və identifikasiyası metodu”, “Rəqəmsal kitabxana sistemlərində kibertəhlükəsizliyin təmin olunması yolları”, “Pilotsuz uçuş aparatlarının rabitə kanallarında kibertəhdidlər və müdafiə mexanizmləri”, “Ali hərbi təhsil sistemində kibertəhlükəsizlik üzrə təhsil və innovasiya”, “Rəqəmsal dövlət platformasında rəqəmsal vərəsəlik: hüquqi tənzimləmə və texnoloji çağırışlar”, “Rəqəmsal kriminalistikanın meydana gəlməsi və təkamülü istiqamətində akademik Cahangir Kərimovun elmi irsinin araşdırılması” və digər mövzularda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.