“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı başa çatıb

08 İyun 2026 - 17:24 | Konfranslar, İclaslar
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı başa çatıb

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika konfransının bağlanış mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seksiya iclaslarında səsləndirilən məruzələrin konfransın məqsəd və vəzifələrinə uyğun olaraq, kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın elmi-texnoloji problemləri kimi mühüm məsələləri əhatə etdiyini bildirib. Akademik təqdim olunan elmi işləri yüksək qiymətləndirərək qeyd edib ki, konfrans bu sahədə mövcud elmi-nəzəri və praktiki problemlərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və innovativ həll yanaşmalarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayıb.

Akademik Rasim Əliquliyev gələcəkdə kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahəsində dövlət qurumları, elmi müəssisələr və özəl sektor arasında əməkdaşlığın daha da genişləndirilməsinin, həmçinin yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Bu kimi elmi-praktiki tədbirlərin davamlı təşkilinin ölkənin kibertəhlükəsizliyinin və kibersuverenliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransın kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahəsində multidissiplinar problemlərin müzakirəsi baxımından mühüm elmi platforma olduğunu vurğulayan alim, 4 seksiyada ümumilikdə 96 məruzənin təqdim olunduğunu qeyd edib.

Sonra seksiya iclaslarının sədrləri çıxış edərək bildiriblər ki, konfransda təqdim olunan məruzələr “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” istiqamətində müasir kibertəhdidlər şəraitində dövlət informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması, rəqəmsal sübutların araşdırılması, kibercinayətkarlığa qarşı mübarizə və kiberməkanda dayanıqlığın gücləndirilməsi kimi elmi-nəzəri, texnoloji, siyasi-hüquqi və təşkilati məsələlərin geniş müzakirəsinə şərait yaradıb. Qeyd ediblər ki, tədbir kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə dair fikir mübadiləsi aparmaq, mövcud problemləri müəyyənləşdirmək və onların həlli istiqamətlərini müzakirə etmək baxımından mühüm elmi-praktiki əhəmiyyət daşıyır.

Sonda konfransın qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.