AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov ilə görüş keçirildi. Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Görüşdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, institutun elmi-katibi Mədinə Səidova, təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) əməkdaşları iştirak edirdilər.
Öncə çıxış edən akademik R.Əliquliyev son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyasının təşkil etdiyini bildirdi. Alim AMEA-da magistratura təhsilinin yaradılmasının bu sahədə əldə olunan ən mühüm nailiyyətlərdən olduğunu söylədi, SABAH qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübə keçdiklərini qeyd etdi.
“Azərbaycan elm və təhsili qarşısında duran əsas məsələlərdən biri elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunmasıdır”, – deyə bildirən R.Əliquliyev elmi biliklərin təhsilə transformasiyası barədə danışdı. Bildirdi ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir, bunun üçün isə insan fəaliyyətinin bütün sahələrində onlayn mühitlər üzrə kadr potensialı formalaşdırılmalıdır.
Alim ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurum – Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərdiklərini və gələcəkdə də əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Elm və təhsilin inteqrasiyası prosesində AzScienceNet-in mühüm vasitələrdən olduğunu bildirən akademik R.Əliquliyev AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.
AMEA-nın akademik-katibi AzScienceNet-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırdı. Qeyd etdi ki, AzScienceNet 2015-ci ildə Təhsil Nazirliyi və AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan elm və təhsil mühitini Avropanın elm, təhsil fəzasına inteqrasiya etdirərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmağa imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) milli operator statusunda üzvlüyünə qəbul olunmuşdur.
R.Əliquliyev AzScienceNet şəbəkəsinin Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün GEANT şəbəkəsi tərəfindən həyata keçirilən “EaPConnect” layihəsində iştirakının yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına şərait yaratdığını diqqətə çatdırdı.
Sonra direktor müavini R.Ələkbərov “AzScienceNet elm-kompüter şəbəkəsinin infrastrukturu və xidmətləri” mövzusunda təqdimatla çıxış etdi. Alim şəbəkənin göstərdiyi xidmətlər, beynəlxalq əlaqələri və s. barədə ətraflı məlumat verərək AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli çoxsaylı İnternet xidmətləri göstərən AzScienceNet şəbəkəsinin fəaliyyətinin mühüm dövlət sənədlərinə əsaslandığını bildirdi.
Şəbəkənin idarəetmə strukturunu təqdim edən R.Ələkbərov bildirdi ki, Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Cloud Computing, Cloud Storage, Virtual laboratoriya, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.
Alim AzScienceNet EKŞ-nın İnternetə çıxış sürətinin illər üzrə inkişaf dinamikasını təqdim etdi, şəbəkənin İnternetə qoşulma sürətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaş həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırdı.
AMEA-nın 41 institut və təşkilatının fiber-optik kabel vasitəsilə AzScienceNet-ə qoşulduğunu söyləyən R.Ələkbərov AMEA-nın institut və təşkilatları ilə yanaşı, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilərin də şəbəkənin təqdim etdiyi Cloud Computing xidmətindən yararlanmaq imkanına malik olduğunu qeyd etdi.
Direktor müavini, həmçinin AzScienceNet şəbəkəsinin paylanmış çoxterminallı məlumat sistemi, şəbəkənin videokonfrans və VoIP xidmətləri haqqında ətraflı məlumat verdi, şəbəkə üzərindən ElmTV-nin yayımı və AzScienceNet şəbəkəsi üzrə “Qaynar xətt” xidmətinin təşkili işlərinin həyata keçirildiyini nəzərə çatdırdı.
Sonra F.Əmirbəyov AzScienceNet-in Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullar, o cümlədən İnternet-kafe ilə tanış oldu. Ona institutun foyesində quraşdırılmış interaktiv ekran, İnfoTV İnternet televiziyası haqqında məlumat verildi.
Daha sonra Distant Tədris Mərkəzində olan qonağa bu mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verildi. R.Əliquliyev burada AMEA Gəncə Bölməsi ilə yaradılan canlı bağlantı zamanı çıxış edərək mərkəzin bir sıra regional elm və təhsil müəssisələrinə AzScienceNet şəbəkəsi vasitəsilə videokonfrans və distant xidmətlər göstərdiyini nəzərə çatdırdı. Mərkəzin regional bölgələrlə yanaşı, dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söylədi. İnstitut direktoru Distant Tədris Mərkəzinin ölkədə vahid elm və təhsil mühitinin formalaşdırılmasına öz töhfəsini verəcəyinə inamını bildirdi.
Təhsil nazirinin müşaviri F.Əmirbəyov institutda yaradılmış innovativ şəraiti, əldə olunmuş elmi nailiyyətləri yüksək qiymətləndirərək əməkdaşlıq əlaqələrinin inkişafının hər iki qurumun fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliyini ifadə etdi.
Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elm və təhsilin inteqrasiyası nəticəsində əldə olunan nailiyyətlərin, elmi innovasiyaların təhsil mühitinə transformasiyası məsələləri ətrafında müzakirələr aparıldı. Qeyd olundu ki, ölkənin təhsil müəssisələrinə İnternet xidmətləri göstərən AzEduNet təhsil şəbəkəsi ilə AMEA-nın AzScienceNet şəbəkəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki qurum üçün geniş imkanlar yaradacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.