Mayın 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Almaz Əliyevanın 3338.01–Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Çayların su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının işi ilə şura üzvlərini tanış etdi.
Dissertasiya işini təqdim edən A.Əliyeva işin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
İddiaçı dissertasiya işinin məqsədinin çayların su balansına təsir edən əsas amilləri nəzərə almaqla su ehtiyatlarının səmərəli istifadəsinin kompüter modelinin işlənməsi olduğunu bildirdi.
A.Əliyeva tədqiqat işində su ehtiyatlarının səmərəli istifadəsinin konseptual modelinin, yerin relyefinin vektor xəritəsinin bəzi ümumi səhvlərinin aşkar edilməsi üçün alqoritm və proqram təminatının, su kütləsi su anbarından qəflətən axıdılarkən suyun çay məcrasında yerləşən məntəqələrə çatma müddətini müəyyən etmək üçün çay hövzəsində daşqınların proqnozlaşdırılması modelinin işlənildiyindən və Mingəçevir su anbarının timsalında su ehtiyatlarının səmərəli idarə sisteminin kompüter modelinin reallaşdırıldığından söz açdı.
Onun sözlərinə görə, dissertasiya işi yerinə yetirilərkən avtomatik idarəetmə, xəritəçəkmə, optimal idarəetmə, hidromexanika nəzəriyyələri, o cümlədən kartoqrafik informasiyaların yığılma metodları, eksperimental və ədədi üsullar, müasir coğrafi informasiya texnologiyaları və digər metodlardan istifadə olunmuşdur.
İşin elmi-praktiki əhəmiyyətini vurğulayan məruzəçi çayların su ehtiyatlarının səmərəli istifadəsinin əsas prinsiplərinin və müasir GİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyalarının nailiyyətləri nəzərə alınmaqla çayın su balansının proqnozlaşdırma alqoritminin işlənildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, təklif olunmuş metod və alqoritmlərdən daşqınların və quraqlığın qarşısının alınması, qaçılmaz kritik hallarda isə daşqınların proqnozlaşdırılması və dəyən zərərin minimuma endirilməsi üçün istifadə etmək mümkündür.
Sonra iddiaçı alim və mütəxəssislərin suallarını cavablandırdı.
Dissertasiya işinə dair elmi rəhbər AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı rəyini səsləndirdi, işin müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğulayaraq dissertasiya işinin əhəmiyyətini ifadə etdilər, səsləndirilən iradların aradan qaldırılmasını tövsiyə etdilər.
Müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktorları, professorlar Məsumə Məmmədova, Məhəmməd Əhmədov, Vidadi Musayev və Cavanşir Məmmədov, texnika üzrə elmlər doktoru, dosent Nadir Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktorları Firudin Ağayev, Fərhad Yusifov, Qəzənfər Orucov və digərləri iştirak etdilər.
Sonra gizli səsvermə keçirildi. İddiaçıya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.