İnstitut əməkdaşlarının məqaləsi “Springer” nəşriyyatına daxil olan beynəlxalq simpoziumun materiallarında çap olunub

13 Noyabr 2025 - 09:25 | Yeni nəşrlər
İnstitut əməkdaşlarının məqaləsi “Springer” nəşriyyatına daxil olan beynəlxalq simpoziumun materiallarında çap olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, tex.ü.f.dok., dosent Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllif olduqları elmi məqalə “Springer” nəşriyyatına daxil olan “İnsansız sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium” (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Efficiency – ISUDEF24) materiallarında nəşr olunub.

“Ağıllı sensorlar – intellektual idarəetmə və nəzarət sistemlərinin ayrılmaz hissəsi” (Smart Sensors as an Integral Part of Intelligent Management and Control Systems) adlı məqalədə “Əşyaların İnterneti” (Internet of Things – IoT) konsepsiyası çərçivəsində sensorlar və sensor şəbəkələrinin elmi-texniki problemləri, həmçinin mövcud vəziyyəti təhlil edilib.

Tədqiqatda müstəqil sensor qrupları və sensor şəbəkələri arasında qarşılıqlı əlaqələr, məlumat ötürmə protokolları (standartları) və şəbəkə marşrutlaşdırma sxemləri araşdırılıb. Məqalədə həmçinin sensor sistemlərinin müxtəlif tətbiq sahələri – avtonom nəqliyyat şəbəkələri, pilotsuz uçuş aparatları və digər müasir texnoloji həllər nümunə kimi təqdim olunub.

PUA-larda istifadə edilən əsas və köməkçi sensorların funksional təyinatına görə təsnifatı aparılıb, onların idarəetmə və nəzarət sistemlərindəki rolu elmi əsaslarla izah olunub. Mülki təyinatlı PUA-ın funksional imkanlarının genişləndirilməsi məqsədilə onların idarəetmə sistemində əlavə olaraq bir neçə “ağıllı” sensorlardan istifadə məqsədəuyğunluğu əsaslandırılıb. Araşdırmada, “ağıllı” sensorların və onların simsiz şəbəkələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə konvergensiyası nəticəsində formalaşan “ağıllı” sistemlərin təkamül meyilləri təhlil edilib və bu istiqamətdə inkişaf perspektivlərinə dair mülahizələr irəli sürülüb.

Qeyd edək ki, ISUDEF24 beynəlxalq simpoziumunun materialları Web of Science və Scopus elmi bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.