İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

13 Noyabr 2025 - 10:08 | Görüşlər

ETN İnformasiya Texnologiyaları İnstitutunda Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini prof. Raymond J.Wu, İdarə Heyətinin üzvü professor Yingsan Geng və Katibliyin asistenti Liu Lianzhi ilə görüş keçirilib. 

Tədbirdə əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-innovativ layihələr, dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Alim institutda süni intellekt, data science, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, Əşyaların İnterneti, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Həmçinin institutun dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak etdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri və əldə olunmuş yüksək səviyyəli razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Alim Azərbaycan-Çin münasibətlərinin son illər bütün istiqamətlərdə dinamik inkişaf etdiyini, xüsusilə elm, təhsil, innovasiya və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib. 

IV Sənaye İnqilabının yaratdığı reallıqlar şəraitində rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafının ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirildiyini deyən alim, institutun Çinin tanınmış nüfuzlu elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, bu ölkənin elm, təhsil və innovasiya üzrə çoxillik təcrübəsinin öyrənilməsində maraqlı olduğunu söyləyib.

Honkonq Kore Akademiyasının İcra Şurasının üzvü, professor Li Lei çıxış edərək Azərbaycanda elm, innovasiya, iqtisadiyyat, mədəniyyət və digər sahələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, Azərbaycan və Çin arasında tarixən formalaşan elmi, mədəni və iqtisadi əlaqələrin strateji xarakter daşıdığını qeyd edərək, bu münasibətlərin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq üçün də geniş imkanlar yaratdığını bildirib.

Sonra professor Li Lei Honkonq Kore Akademiyasının fəaliyyəti haqqında məlumat verib. Akademiyada riyaziyyat, kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahələrində tədqiqatların həyata keçirildiyini diqqətə çatdırıb. Hazırda Akademiyanın 10 elmi-tədris məktəbi və 10 mindən çox tələbəsi olduğunu bildirən Li Lei onu da  qeyd edib ki, burada süni intellektin müxtəlif sahələrə – enerji təhlükəsizliyi, informasiya sistemləri, səhiyyə, təhsil və sənaye kimi istiqamətlərdə tətbiqi üzrə araşdırmalar aparılır.

O, həmçinin Azərbaycan və Çin alimləri arasında müvafiq sahələrdə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, elmi təcrübə və informasiya mübadiləsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edib.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda süni intellekt, data science, kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, qrant layihələrdə iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Tədbirdə həmçinin iki qurum arasında əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumunun ölkələrarası elmi əlaqələrin daha da gücləndirilməsi, elm və təhsil sahəsində daha səmərəli nəticələrin əldə olunması baxımından yeni imkanlar təqdim edəcəyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.