Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri təqdim olunub

14 Noyabr 2025 - 12:36 | Konfranslar, İclaslar
Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub.

Məruzəni təqdim edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov dissertasiya işi üzrə aparılmış tədqiqatların nəticələrindən bəhs edib. O bildirib ki, aktiv istifadəçi qrupları tərəfindən intensiv istifadə olunan bulud resurslarının onlara yaxın serverlərdə optimal yerləşdirilməsi yolu ilə şəbəkə gecikmələrinin azaldılmasını təmin edən metod işlənmişdir. Həmçinin istifadəçilərin aktivliyi, bulud resurslarının istifadə tezliyi, istifadəçilərlə bulud resursları arasındakı fiziki məsafə və klaudletlərin yaddaş tutumu nəzərə alınaraq, bulud resurslarının klaudletlərdə optimal yerləşdirilməsini təmin edən klasterləşdirmə metodu hazırlanmışdır.

Məruzəçi əlavə edib ki, yüksək müraciət tezliyinə və böyük istifadəçi sayına malik bulud resurslarının milli şəbəkə infrastrukturu əsasında Verilənlərin Emalı Mərkəzində optimal yerləşdirilməsi və dinamiki idarə edilməsi metodunun işlənməsi də tədqiqatın əsas istiqamətlərindən biridir.

Dosent R.Ələkbərov mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi ilə bağlı aparılan tədqiqatları da diqqətə çatdırıb. O qeyd edib ki, şəhər mühitində naqilsiz şəbəkə üzərindən istifadəçilərin minimal əlaqə kanalı vasitəsilə klaudletlərə qoşulmasını təmin edən alqoritm təklif edilmişdir. Bundan əlavə, tətbiqi proqramların tipləri nəzərə alınaraq onların sürətli işlənməsini təmin edən klaudlet seçimi üçün metod hazırlanmışdır. Eyni zamanda, şəhər səviyyəli naqilsiz şəbəkə mühitində məhdud sayda klaudletin mobil istifadəçilərin sıx olduğu ərazilərdə optimal yerləşdirilməsini təmin edən alqoritm də təklif edilmişdir.

O, həmçinin bulud hesablama sistemlərinin komponentlərində yaranan təhlükəsizlik problemlərinin araşdırıldığını və səviyyələrə əsaslanan təhlükəsizlik modeli çərçivəsində tövsiyə və mexanizmlərin işlənildiyini vurğulayıb. Bildirib ki, bulud əsaslı kiberfiziki sistemlərdə təhlükəsizlik məsələlərinin həlli üçün səviyyələr üzrə yanaşma tətbiq edilmiş, hər bir səviyyədə mövcud boşluqlar və potensial təhdidlər ətraflı şəkildə təhlil edilmiş, problemlərin aradan qaldırılması üçün effektiv mexanizmlər və tövsiyələr təqdim olunmuşdur.

Daha sonra dissertasiya işinin nəticələrinə dair geniş fikir mübadiləsi aparılıb, dos. R.Ələkbərov ona ünvanlanan sualları cavablandırıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev dissertasiya işinin müasir dövrün aktual elmi problemlərinə həsr olunduğunu bildirib. Alim qeyd edib ki, bulud serverlərinin xarici ölkələrdə yerləşdirilməsi milli informasiya təhlükəsizliyi üçün ciddi risklər yaradır, xüsusilə kibertəhlükəsizlik, iqtisadi təhlükəsizlik və məlumat suverenliyi ilə bağlı əlavə təhdidlər meydana çıxır. Bu baxımdan tədqiqatın kibersuverenlik kontekstində aparılması xüsusi əhəmiyyət kəsb edir.

Akademik R.Əliquliyev elmi seminarda səsləndirilən təklif və tövsiyələrin nəzərə alınmasının tədqiqatların daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.