İnstitut əməkdaşlarının PCI 2025 konfransında təqdim olunan tədqiqat işləri IEEE Xplore bazasına daxil edilib

13 Noyabr 2025 - 09:16 | Mühüm hadisələr
İnstitut əməkdaşlarının PCI 2025 konfransında təqdim olunan tədqiqat işləri IEEE Xplore bazasına daxil edilib

Tədqiqatlar informasiya texnologiyaları, süni intellekt və rəqəmsal idarəetmə istiqamətlərini əhatə edir.

ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI Beynəlxalq Konfransa (PCI 2025) təqdim olunmuş bir sıra tədqiqat işləri nüfuzlu IEEE Xplore beynəlxalq elmi bazasında nəşr olunub.

IEEE Xplore bazasında dərc olunan işlər arasında AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, baş mühəndis Şakir Mehdiyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Aşağı hasilatlı neft quyularında ştanqlı nasosların intellektual idarə olunması” (Smart Orchestration of Sucker Rod Pumps in Low-Production Wells) adlı tədqiqat işi yer alır.

Həmçinin institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın müəllifi olduğu “Rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi” (Application of a Smart OLAP System in a Digital Government Environment) mövzusunda məqalə də bazaya daxil edilib.

Bununla yanaşı, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, institutun əməkdaşları – Gülarə Məmmədova, Rəna MəlikovaLalə Zeynalovanın həmmüəllifi olduqları “Universitet tələbələrinin biliklərinin qiymətləndirilməsi üçün Data Mining metodlarının tətbiqi” (Application of Data Mining Methods for Assessing the Knowledge of University Students) adlı iş, eləcə də institutun dissertantı Leyla Məmmədovanın “Klasterləşdirmə metodlarına əsaslanan dərin təlim modellərinin taksonomiyası” (A Taxonomy of Deep Learning Models Based on Clustering Techniques) mövzusunda tədqiqatı IEEE Xplore platformasında yer alıb.

Qeyd edək ki, tədqiqat işlərinin "Scopus" bazasına da daxil edilməsi nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.