ETN İnformasiya Texnologiyaları İnstitutunda iki struktur bölmənin birgə seminarı keçirilib. Seminarda institutun əməkdaşı Eltun Əhmədov “Kredit kartı fırıldaqçılığının anomaliya əsaslı aşkarlanmasında təlimsiz öyrənmə modelləri” mövzusunda məruzə ilə çıxış edib.
E.Əhmədov e-ticarətin sürətli inkişafının maliyyə təhlükəsizliyinə təsirləri, həmçinin kredit kartı fırıldaqçılığı hallarının artımı və bu sahədə tətbiq olunan kibertəhlükəsizlik tədbirlərini geniş şəkildə təhlil edib. Məruzəçi qeyd edib ki, kredit kartı fırıldaqçılığı həm qlobal miqyasda, həm də Azərbaycanda ciddi iqtisadi itkilərə səbəb olur. O, həmçinin ölkəmizdə kibertəhlükəsizliyin hüquqi tənzimlənməsi məsələlərindən bəhs edib.
Kredit kartı fırıldaqçılığının əsas problemlərini də diqqətə çatdıran məruzəçi qeyri balanslı verilənlər, real vaxtda aşkarlama, normal və fırıldaq davranışlar arasındakı oxşarlıq, verilənlərin əlçatanlığı, məxfilik və etik narahatlıqlar, resurs məhdudluğu, hesablama mürəkkəbliyi, qiymətləndirmə metrikalarının məhdudluğu və s. kimi əsas çatışmazlıqlar haqqında məlumat verib.
Tədqiqatçı təlimsiz öyrənmə modellərinin, o cümlədən İzolyasiya Meşəsi, Lokal Anomaliya Əmsalı, Avtoenkoder və Dayanıqlı Kovariasiya metodlarının tətbiqi ilə fırıldaqçılıq hallarının aşkarlanması istiqamətində aparılan eksperimentləri diqqətə çatdırıb.
O, bildirib ki, təklif olunan bir sinifli təsnifat (one-class classification) yanaşması nəticəsində Avtoenkoder modeli ən yüksək göstərici ilə fərqlənib: “Bu nəticə fırıldaqçılıq aşkarlama sistemlərində effektivlik və etibarlılığın təmin olunmasına xidmət edir”.
Məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məruzəyə münasibət bildirib. Alim bu istiqamətdə aparılan işlərin kibertəhlükəsizliyin gücləndirilməsinə, milli rəqəmsal infrastrukturun müdafiə potensialının artırılmasına töhfə verdiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.